Müasir dünyada müxtəlif ölkələrin cəmiyyətlərində ailə institutlarına baxış dəyişdiyinə görə, bu sahədə baş verən dəyişikliklərlə bağlı yeni problemlər də ortaya çıxır. Baxmayaraq ki, insanın yaradılışdan bu günədək keçdiyi quruluşlar və sivilizasiyalar dəfələrlə dəyişib, zorakılıq kimi neqativlər isə həmişə cəmiyyətlərdə olub. Bu gün də var. Görünən odur ki, yasamın və həyat tərzinin dəyişməsi və modernləşməsi belə insan təfəkküründə zorakılığı daha da gücləndirir. Günümüzdə ən çox rast gəlinən zorakılıq halları seksual zorakılıq və məişət zorakılığıdır. Ölkələrin dünyanın hansı qütbündə yerləşməsindən, əhali sayından, əhalinin dini və mənəvi baxışlarının necə olmasından, həmin cəmiyyətlərdə ailə quruluşlarının hansı formada olmasından asılı olmayaraq BMT tərəfindən aparılan statistikalara görə hər il dünyada məişət müstəvisində zorakılıq halları artır. Təbii ki, bu halların artmasının obyektiv səbəbləri olduğu kimi, subyektiv səbəbləri də olmamış deyil.
Təbii ki, ayrı-ayrı ölkələrdəki cəmiyyətlərdə bu problemlərin həllinə baxışlar da fərqlidir.
Azərbaycan Respublikası hüquqi və demokratik quruluşa malik olan dövlət olduğuna görə, ölkə qanunvericiliyində insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin olunub.
İstər Ali Qanunumuz olan Azərbaycan Respublikasının Konstitusiyasında, istərsə də digər normativ – hüquq aktlarda insan və vətəndaş hüquqlarının qorunmasına dair müvafiq məsələlər əksini tapmışdır.
Başqa sözlə desək, insan və vətəndaş hüquqlarının qorunması Azərbaycan qanunvericilik aktlarında ən yüksək şəkildə əksini tapmışdır. Qeyd edək ki, Azərbaycan Respublikası insan və vətəndaş hüquqlarının qorunması sahəsində beynəlxalq konvensiyalara da qoşulub. Həmçinin ölkəmizdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilmişdir. Həmin qanunda məişət zorakılığının baş vermə motivləri (fiziki zorakılıq, məişət zəminində psixi zorakılıq, məişət zəminində iqtisadi xarakterli, qanunsuz məhdudiyyətlərin tətbiqi, məişət zəminində cinsi zorakılıq və s.) kimi məsələlər əksini tapmışdır.
Qanunvericiliiyə həmçinin məişət zorakılığın qarşısının alınması yolları-məişət zorakılığının təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüququ, sosial və qabaqlayıcı tədbirlər haqqında da məsələlər öz əksini tapmışdır.
Qanunvericilikdə əsasən ölkədə hüquqi, tibbi, psixoloji, sosial və digər yardımların göstərilməsi üçün yardım mərkəzlərinin fəaliyyəti də nəzərdə tutulub. Bu sahədə həm dövlət tərəfindən yaradılan qurumlar, həm də qeyri-dövlət qurumları fəaliyyət göstərir.
Qanuna əsasən, Azərbaycan Respublikasında məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplər bunlardır: “Hər kəsin Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikası qanunvericiliyində əsasən nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının təmin olunması, qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsi, qanunvericilikdə müəyyən edilmiş hallar və nüanslar istisna olmaqla hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi, şəxsi və ailə sirrinin qorunması, zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası, məişət zorakılığının qarşısının alınması sahəsində dövlət orqanlarının və qeyri-dövlət orqanlarının qarşılıqlı əməkdaşlığı”, Azərbaycanda “Məişət zorakılığı haqqında” Qanun şamil edildiyi şəxslər əsasən yaxın qohum və ya ailə üzvləri, habelə birgə yaşayan qohumlar, nikah pozulduqdan sonra birgə və ya ayrı yaşayan keçmiş ər və arvad, qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslər, habelə üzərində qəyyumluq və ya himayəçilərin təyin olunmuş şəxslər, qanuni nikahda olan birgə yaşayan kişi və ya qadın, yaxud onların yaxın qohumları.
Qeyd edək ki, məişət zorakılığı barədə törədilmiş və ya hazırlanan cinayətlər olması haqqında müvafiq qurumlara məlumat daxil olarkən həmin şikayətlərə cinayət-prosesual qanunvericilklə müəyyən edilmiş qaydada baxılır. Məişət zorakılığı törədən şəxslərdən qorunmaq üçün qanuna uyğun olaraq zərərçəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli orderdə məişət zorakılığı törədən şəxsə məişət zorakılığının təkrar törədilməsi, zərərçəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan edilir.
Uzunmüddətli orderdə isə qısamüddətli orderdə nəzərdə tutulanlarla yanaşı (“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun, maddə 10.3) məişət zorakılığının törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları isə ünsiyyət qaydaları, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarını müəyyən edilməsinə, zərərçəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi, mühafizə tələblərin icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunması və s. kimi qadağalar qoyula bilər.
Məişət zorakılığın qarşısının alınması sahəsində görülən tədbirlərə gəlincə isə bunlar qanunvericiliyə əsasən hüquqi xarakterli, sosial xarakterli və qabaqlayıcı (preventiv) tədbirlər ola bilər. Həmçinin bu sahədə həyata keçirilən tədbirlər üzrə müvafiq dövlət proqramlarının qəbul olunması da istisna deyil.
Məişət zorakılığının qarşısının alınması ilə bağlı qabaqlayıcı (preventiv) tədbirlərin görülməsində əsas məqsəd cəmiyyətdə məişət zorakılığının qarşısının alınması, ailələrdə normal mühitin yaradılması, məişət zorakılığı hallarının və ondan yaranan mənfi hüquqi, tibbi və sosial nəticələrin aradan qaldırılması üçün aşağıdakı tədbirlər həyata keçirilir:
Məişət zorakılığının əleyhinə maarifləndirmə işlərinin aparılması, məişət zorakılığı hallarının və onun doğurduğu mənfi hüququ, tibbi və sosial nəticələrin izah edilməsi, əhali arasında yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərin təbliğ edilməsi, maarifləndirmə tədbirlərinin təşkili, məişət zorakılığı ilə bağlı sosial sorğuların keçirilmişi və s.
Qeyd edək ki, qanunvericiliyə əsasən məişət zorakılığından zərərçəkmiş şəxslərə yardım göstərilərkən konfidensillıq qorunmalıdır.
Məişət zorakılığına qarşı mübarizə tədbirləri ilə bağlı xarici təcrübəyə gəlincə isə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissiyanın beynəlxalq ekspert qrupu hər il ölkələr üzrə müvafiq göstəriciləri açıqlayırlar.
Beynəlxalq statistik məlumatlara görə, məişət zorakılıqları ilə ən çox əhalisinin savadsız olan və erkən nikahların baş alıb getdiyi ölkələrdə qeydə alınır. Bu ölkələr sırasında Hindistan, Əfqanıstan, Pakistan, Çin, eləcə də Afrika ölkələrinin adları ilk sıralarda gəlir.
Bununla belə, son illər ABŞ və Avropada da bu sahədə də zorakılıqların artması müşahidə olunur.
Qeyd edək ki, xarici təcrübələrdə məişət zorakılıqlar sahəsində ən çox şikayətlərin hüquqi müstəvidə araşdırılması hallarına rast gəlinir. Həmçinin həmin ölkələrdə mütəmadi olaraq donor təşkilatlar tərəfindən vaxtaşırı əhalinin maarifləndirilməsi sosial tədbirlər də həyata keçirilir. Bununla belə, bu gün dünyanın hər yerindi hər dəqiqədə 3 qadın və ya uşağın bu müstəvidə məişət zorakılığı qurbanlarına çevrildikləri qeyd olunur.
Bütün aparılan araşdırmalar və təhlillərin nəticəsi isə onu deməyə əsas verir ki, bu sahədə maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinə ehtiyac var.
Fuad Hüseynzadə
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.