Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2022-ci ilin dekabr ayı üzrə məişət zorakılığına dair daxil olan müraciətlərə bağlı məlumat yayıb. Şikayət edənlərin əksəriyyətinin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub.  Məişət zorakılığı ilə bağlı müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib. Başqa sözlə, keçən ilin dekabr ayında müraciət edənlərdən 55-i psixoloji, 26-ı fiziki zorakılığa məruz qaldığını bildirib. Zorakılıq törədənlərin 45 nəfəri kişi, 10 nəfəri isə qadındır.

Ancaq hələ ki, 2022-ci il üzrə məişət zorakılığına dair ümumi statistika açıqlanmayıb. Ölkə üzrə məişət zorakılığı sahəsində ümumu vəziyyətin aydın olması üçün Dövlət Komitəsinin 2022-ci ilin payızında Milli Məclisə 2021-ci ildə bu sahədə vəziyyətə  məlumatlara baxsaq, həmin il respublikada qadınlarla bağlı 5593, o cümlədən zorakılıqla müşayiət olunan 2197 cinayət qeydə alınıb. Pandemiya ilə bağlı əksər dünya ölkələrində qadınlara qarşı cinayətlərin sayının artması ölkəmizdə də müşahidə edilmiş, həmin əməllərin, o cümlədən zorakılıqla bağlı olanların sayı 2020-ci illə müqayisədə 6,3% çox olub.  Dünyadakı bu sahədə qlobal artım 8,2% təşkil edib. Qadınlara qarşı cinayətlərin 21, 4%-i (5593- dən 1196-sı) və yaxud hər beşincisi qısqanclıq və sair ailə-məişət münaqişələri səbəbindən baş verib. 2021-ci il ərzində qeydə alınmış cinayət hadisələri üzrə məişət zorakılığı ilə bağlı 1536 zərərçəkmiş şəxs olub ki, onlardan 205-i qadındır. Zərər çəkmiş şəxslərin 1150-i xəsarət alıb. Məişət zorakılığı nəticəsində ölən qadınların  sayı 46 olub (2020-ci ildə 41 nəfər qadın), onlardan 44-ü qəsdən adam öldürmə (CM-in 120-122-ci maddələri  nəzərdə  tutulur)   cinayətinin, 2-i isə qəsdən sağlamlığa ağır zərərvurma cinayətinin qurbanı olub.

Törədilmiş cinayət  əməlləri  arasında qəsdən   sağlamlığa   zərərvurmanın   müxtəlif növlərinə, xuliqanlıq, əzab vermə, öldürülməklə və ya sağlamlığa zərərvurmaqla hədələmə, seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsinə rast gəlinir. Ən çox rast gəlinən hal qəsdən sağlamlığa yüngül zərərvurmadır (295 hal). Ən az rast gəlinən isə seksual xarakterli zorakılıq hərəkətləridir (cəmi 1 hal). 2 ailədə isə ər-arvad qarşılıqlı olaraq bir-birinə xəsarət yetirib.

Cinayətlərin ən çox qeydə alındığı ərazilər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu olub.

Məişət zorakılığı ilə bağlı törədilmiş cinayətlərdə cinayətkar və qurbanın qohumluq əlaqələri də müxtəlifdir. Həm yaxın qohumlar, həm digər qohumlar, həm də peşə fəaliyyətini yerinə yetirən zaman zərər çəkən polis işçisinə rast gəlmək mümkündür. Lakin say nisbətinə baxdıqda ən çox ər tərəfindən öz həyat yoldaşının öldürülməsi diqqəti çəkir.

Qadınlara və uşaqlara qarşı törədilmiş ailə-məişət xarakterli  zorakılıq  əməlləri nin qarşısının vaxtında alınması və operativ tədbirlərin görülməsində Daxili işlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzinin, elektron poçt ünvanının, Dövlət Komitəsinin 860 nömrəli və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 116, 123 nömrəli qaynar xətlərinin mühüm rolu olub.

Ailə münaqişəsi zəminində daxil olmuş məlumatlar üzrə görülən operativ сavab tədbirləri ilə 10587 (on min beş yüz səksən yeddi) hüquqa zidd əməlin qarşısı alınıb.

Ötən illə müqayisədə 2021-ci ildə məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin  edilməsi  məqsədi ilə verilmiş mühafizə orderlərinin sayı artıb. Belə ki, yerli icra hakimiyyəti orqanları tərəfindən 69 qısamüddətli (2020- ci ildə bu rəqəm 38 olub), məhkəmələr tərəfindən 4 uzunmüddətli (2020-ci ildə bu rəqəm 2 olub) mühafizə orderləri verilib. Orderlərin icrasına nəzarət Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbələri tərəfindən həyata keçirilib.

Məişət   zorakılığından   zərərçəkənlər üçün   qeyri-dövlət   yardım    mərkəzlərinin sığınacaqlarında yerləşdirilmiş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı Komitə qurumlararası əlaqələndirməni həyata  keçirib   və   onların   müdafiəsinin təşkili məqsədilə aidiyyəti qurumlar qarşısında məsələ qaldırıb. Dövlət Komitəsi tərəfindən 2021-ci ildə 364 məişət zorakılığından zərərçəkmiş şəxslə bağlı müraciətlərə baxılıb. 2019-cu ildə bu rəqəm 242 , 2020-ci ildə isə 179 olub.

Qurbanlara qarşı zorakılıq həm intim partnyorları, həm də intim partnyorları olmayan şəxslər tərəfindən törədilir. Zorakılıq törədənlərin 33%-i qurbanların əri, 16%-i keçmiş əri, 6%-i qanuni nikahda olmadan birgə yaşadığı şəxs, 4%-i anası, 4%-i atası, 10%-i qardaşı, 12%-i qaynanası, qalan 15%-i isə digər şəxslərdir (arvad, ögey ana, övladlığa götürən, baldız, bibi, dayı, bacı və s.).

 

Monitorinq və sorğunun ortaya çıxardığı reallıq

 

“Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciətlər əsasında araşdırmaya dair” Hesabata diqqət yetirsək, araşdırmanın əsas məqsədi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2021-ci ilin ilk üç ayı ərzində ünvanlanmış müraciətlər əsasında məişət zorakılığının müxtəlif formalarının baş vermə səbəblərinin, məişət zorakılığının əsas fəsadlarının müəyyən edilməsi, məişət zorakılığı ilə mübarizədə mövcud hüquqi və institusional mexanizmlərin qiymətləndirilməsi, məişət zorakılığının qarşısının alınmasına yönəlik mexanizmlərin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsidir. Araşdırmanın nəticələri onu göstərir ki, məişət zorakılığına məruz qalanların böyük əksəriyyəti orta təhsilli şəxslərdir. Sorğuya cəlb olunmuş respondentlərin  78%-nin işsiz, 22%-nin məşğul olması onu göstərir ki, məişət zorakılığına daha çox işsiz şəxslər (xüsusilə işsiz qadınlar) məruz qalırlar. Bu, qadınların məşğulluğunun təmin edilməsi istiqamətində daha geniş proqramların həyata keçirilməsinə ehtiyac olduğunu göstərir.

O da məlum olub ki, zorakılıq qurbanları daha çox məişət zəminində fiziki və psixi zorakılığa məruz qalırlar. Sorğuya cəlb olunmuş respondentlərin 78%-i fiziki, 84%-i psixi zorakılığa məruz qaldığını bildirib. Ekspertlərin əksəriyyətinin qənaətinə görə, zorakılıq qurbanlarının çoxu seksual  zorakılığa məruz qalmalarını açıqlamaqdan çəkindiklərindən seksual zorakılıq qurbanlarının statistik göstəriciləri reallıqda olduğundan dəfələrlə aşağıdır. Eyni zamanda iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərə məruz qalanların da statistikası reallıqdan uzaqdır. Sorğuya cəlb edilmiş respondentlərin yalnız 33%-i iqtisadi, 11%-i isə seksual zorakılığa məruz qaldığını bildirib. Sorğuda iştirak edən respondentlərin 9%-i COVİD-19 pandemiyası dövründə zorakılıq hallarının artdığını, 2%-i azaldığını, 89%-i isə fərq etmədiyini bildirib.

Səbəbləri və nəticələri…

Araşdırmanın nəticələrinə görə mövcud stereotiplər (71%), kənar şəxslərin müdaxiləsi (62%), alkoqol və narkotik asılılığı (61%), xarakterdə zorakılığa meyllilik (56%), maddi problemlər (54%), qısqanclıq (45%) və uşaqlıqda yaşanan zorakılıq təcrübəsi (42%) məişət zorakılığında daha çox rol oynayan səbəblərdir. “Məişət zorakılığına məruz qaldıqdan sonra kömək üçün müraciət etmisinizmi?” sualına cavab verən respondentlərin 31%-i ümumiyyətlə müraciət etmədiklərini bildiriblər. Müraciət etməyənlərin 12%-i məlumatsız olmaları, 26%-i müraciət edəcəkləri təqdirdə daha ağır zorakılığa məruz qalacaqlarından qorxmaları, 32%-i el qınağından çəkindikləri, 30%-i ailənin dağıla biləcəyindən narahatlıq keçirdikləri səbəbindən müraciət etmədiklərini bildiriblər.

Kömək üçün müraciət edənlərin 68%-i polis, prokurorluq və məhkəmə orqanlarına, 12%-i dostlara və qohumlara, 5%-i yardım mərkəzləri və sığınacaqlara, 3%-i ictimai təşkilatlara, 12%-i digər kömək vasitələrinə (ƏƏSMN-ə, psixoloqlara, ictimai təşkilatlara, televiziya proqramlarına) müraciət ediblər.

Dövlət orqanlarına kömək üçün müraciət etmiş respondentlərin 25%-i görülən təd- birlərdən tam razı qaldığını, 42%-i qismən razı qaldığını, 33%-i isə razı qalmadığını bildirib.

Məişət zorakılığına məruz qalmış şəxslərin 27%-i zorakılıq törətmiş şəxsə qarşı başlanmış inzibati və ya cinayət işinə barışıq əsasında xitam verildiyini, 22%-i bu halların bir neçə dəfə baş verdiyini bildirib. Zorakılıq törətmiş şəxslə barışmış qurbanların 29%-i belə halların bir daha baş verməyəcəyinə inandığından, 26%-i ailənin bütövlüyünü qorumağa çalışdığından, 23%-i barışığa məcbur edildiyindən, 22%-i digər səbəblərdən (el qınağından çəkindiyindən, qarşı tərəfin hədələrindən qorxduğundan, uşaqlarının gələcəyini düşündüyündən) zorakılıq törətmiş şəxslə barışdığını bildirib.

Məişət zorakılığına məruz qalanların hamısı onun müxtəlif formalarda özünü biruzə verən təsirləri ilə qarşılaşır. Məişət zorakılığının ayrı-ayrı fərdlərə (fərdlər qrupuna) münasibətdə fiziki və psixoloji təsirləri ilə yanaşı, bütövlükdə cəmiyyət üçün mənfi nəticələr doğuran sosial təsirləri də var. Araşdırma zamanı rəyi  soruşulanların  74%-i  müxtəlif bədən xəsarətləri (zədələr, yırtıq, çapıq, dişlərin tökülməsi, sınıq və s.) aldığını, 54%-i yuxusunun pozulduğunu və onda qorxu hissi yarandığını, 34%-i depressiyaya düşdüyünü və özünəinamsızlıq yarandığını, 33%-i özünə qapandığını, 26%-i özündə sosial fobiya hiss etdiyini, 22%-i intihara cəhd etdiyini bildirib. Məişət zorakılığına məruz qalanların 97%-i eyni zamanda bir neçə təsirə məruz qaldığını bildirib. Araşdırmanın məişət zorakılığının fəsadları ilə bağlı nəticələri qurbanların təxminən beşdə birinin (22%) intihara cəhd etdiyini göstərir.

Bu, kifayət qədər böyük rəqəmdir və son dövrlərdə baş verən intihar hallarının artması ciddi narahatlıq doğurur…

Fuad Hüseynzadə

 Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.