Məişət zorakılığına məruz qalanların hamısı onun müxtəlif formalarda özünü biruzə verən təsirləri ilə qarşılaşır. Məişət zorakılığının ayrı-ayrı fərdlərə (fərdlər qrupuna) münasibətdə fiziki və psixoloji təsirləri ilə yanaşı, bütövlükdə cəmiyyət üçün mənfi nəticələr doğuran sosial təsirləri də var.

 

“Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciətlər əsasında araşdırmaya dair” Hesabata əsasən, araşdırma zamanı rəyi  soruşulanların  74%-i  müxtəlif bədən xəsarətləri (zədələr, yırtıq, çapıq, dişlərin tökülməsi, sınıq və s.) aldığını, 54%-i yuxusunun pozulduğunu və onda qorxu hissi yarandığını, 34%-i depressiyaya düşdüyünü və özünəinamsızlıq yarandığını, 33%-i özünə qapandığını, 26%-i özündə sosial fobiya hiss etdiyini, 22%-i intihara cəhd etdiyini bildirib. Məişət zorakılığına məruz qalanların 97%-i eyni zamanda bir neçə təsirə məruz qaldığını bildirib. Araşdırmanın məişət zorakılığının fəsadları ilə bağlı nəticələri qurbanların təxminən beşdə birinin (22%) intihara cəhd etdiyini göstərir.

 

Medianın üzərinə düşən missiya

 

Ən effektiv mübarizə üsulunun öncədən profilaktik tədbirlərin həyata keçirilməsi olduğu zaman-zaman təsdiqini tapıb.  Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyət göstərir, icra başçısı müavinlərinin həmin qruplara rəhbərlik edir. Məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsində bələdiyyələr də aktiv rol oynamalıdır.  Buna görə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yerli özünüidarəetmə orqanlarında gender komissiyalarının yaradılmasını vacib sayır, bu sahədə Sabunçu kimi rayon da var. Dövlət orqanlarında, təşkilatlarda,  bələdiyyələrdə, gender komissiyalarında gender məsələlərinə məsul şəxslərin müəyyən edilməsi, gender amilinin siyasətlərə daxil  edilməsi lazımdır. Bələdiyyələrdə bu sahədə  müvafiq mexanizm yaradılmalı və  bütün rayonlarda da bu mexanizm tətbiq edilməlidir.

 

Bu sahədə əsas məsuliyyət mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin üzərinə düşsə də, məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi  istiqamətində medianın da rolu mühümdür. Elə buna görə də Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planında məişət zorakılığı da daxil olmaqla, qadına qarşı zorakılığa münasibətdə stereotiplərin dəyişməsində və bu problemə yeni yanaşmanın formalaşmasında medianın rolunun gücləndirilməsi vəzifə kimi müəyyənləşdirilir. Məişət zorakılığı mövzusunda media işçiləri üçün mütəmadi təlimlərin keçirilməsi isə məişət zorakılığı sahəsində kadr hazırlığı istiqamətində vacib tədbirlərdən biri kimi qeyd olunub. Bu sahədə məsul qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən olunub, eyni zamanda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və  Milli Televiziya və Radio Şurasına da media işçilərinə mütəmadi məişət zorakılığı mövzusunda təlimlərin keçirilməsi tövsiyə olunub.

Əhali arasında məişət zorakılığının mənfi hüquqi, tibbi və sosial nəticələrinin izah edilməsi, məişət zorakılığının qarşısının alınmasına yönəlmiş digər maarifləndirmə tədbirlərinin təşkili qabaqlayıcı tədbirlərdir. Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər məişət zorakılığının qarşısının alınmasına, ailələrdə normal münasibətlərin yaradılmasına, məişət zorakılığı hallarının və ondan yaranan mənfi hüquqi, tibbi və sosial nəticələrin aradan qaldırılmasına yönəlir. Bu sahədə də müvafiq dövlət qurumları ilə bərabər medianın da üzərinə mühüm missiya düşür.  “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna əsasən,   məişət zorakılığı ilə bağlı əsas qabaqlayıcı tədbirlərə diqqət yetirsək, bu daha aydın görünür. Bu tədbirlər sırasında  məişət zorakılığı əleyhinə maarifləndirmə işinin aparılması, məişət zorakılığı hallarının və onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin izah edilməsi,  məişət zorakılığının qarşısının alınması üsullarının izah edilməsi, əhali arasında yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi,  məişət zorakılığına səbəb olan halların araşdırılması, təhlil edilməsi, onların qarşısının alınmasına yönəlmiş tövsiyələrin  hazırlanması  və məişət zorakılığına görə qanunvericiliklə müəyyən olunmuş məsuliyyətin izah edilməsi daxildir.

 

Beləliklə, mətbuat bu sahədə apardığı araşdırmalarla, hazırladığı maarifləndirici tədbirlərə qarşıya qoyulan bu vəzifələrin yerinə yetirilməsinə mühüm töhfə verə bilər. Digər tərəfdən, maarifləndirmə işinin aparılması, məişət zorakılığı hallarının və onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin izah edilməsi,  məişət zorakılığının qarşısının alınması üsullarının izah edilməsi, əhali arasında yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi,  məişət zorakılığına səbəb olan halların araşdırılması, təhlil edilməsi, onların qarşısının alınmasına yönəlmiş tövsiyələrin  hazırlanması  və məişət zorakılığına görə qanunvericiliklə müəyyən olunmuş məsuliyyətin izah edilməsi kimi tədbirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və digər müvafiq orqanlar tərəfindən həyata keçirilərkən də bu sahədə fəaliyyətin daha effektiv olması üçün bu tədbirlərin mediada peşəkar səviyyədə cəmiyyətə təqdim olunması, işıqlandırılması vacibdir.

Məişət zorakılığına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da bu sahədə layihələr həyata keçirərkən media ilə əməkdaşlıq münasibətləri qura bilməyibsə, həmin layihələrin effektivliyi də yüksək ola bilməz.

 

Ənənəvi və sosial media amili

 

Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər müvafiq orqanlar media işçilərinə mütəmadi olaraq məişət zorakılığı mövzusunda təlimlər təşkil edir. Təqdirəlayiq haldır ki, beynəlxalq layihələr çərçivəsində də jurnalistlər üçün belə təlimlər təşkil olunur. Məsələn, 2021-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı  və  Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” adlı Tvinninq layihəsinin dəstəyi ilə jurnalistlər üçün “Məişət zorakılığı media müstəvisində” mövzusunda 4 günlük təlimlər təşkil edib.

 

Müasir dövr həm də dövlət qurumlarının fəaliyyətinin effektivliyini sosial media sahəsində nə dərəcədə fəal olmaları şərtləndirir. Bu, günümüzün birmənalı reallığıdır. Çünki ənənəvi media ilə bərabər sosial medianın cəmiyyətə təsiri sürətlə artmaqdadır. Bu gün sosial şəbəkələrdə hesabları olmayan kimisə tapmaq özü nadir hal olar.

 

Qeyd edək ki, son illər Aillə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin görülmüş işlər haqqında məlumat mövcud və yeni yaradılan media və İKT resurslarında işıqladırılmaqla bərabər Dövlət  Komitəsinin  “Facebook” səhifəsində paylaşılıb. Aillə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Facebook” səhifəsi 2 aprel 2021-ci il tarixində “Facebook” tərəfindən rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib. Bu, gender bərabərliyi gündəliyinin İKT istiqamətində və virtual platformalarda müzakirəsi və maarif ləndirmə işlərinin daha da səmərəli keçirilməsi üçün atılmış bir addımdır. Buradakı əsas mesajlar gender bərabərliyinin pozulması və stereotiplərin aradan qaldırılmasına yönəlib.

 

BMT-nin Uşaq Fondunun dəstəyi ilə Aillə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Valideyn nəzarəti və internet təhlükəsizliyi” – www.kidsafe.az proqramının təkmilləşdirilməsi və fəaliyyətinin yenidən bərpası da təmin edilib. Proqramın tərkibində 1 milyondan çox beynəlxalq axtarış sistemləri və resurslarında təsdiqlənmiş pornoqrafik, suisid, zərərli vərdişlər, insan alveri, terrorizm, spam, fishing və s. olmaqla filtirasiya kontenti mövcuddur. Geniş istifadəçi auditoriyası bu kontentin daha da əlçatan olmasına köməklik göstərmişdir.

 

Dövlət Komitəsinin veb saytnının “Onlayn müraciət” hissəsinə gələn vətəndaş müraciətlərinin toplanılması və təhlili gender bərabərliyi gündəliyinə daha dəqiq fokuslanmağa imkan yaradıb.

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə Gender bərabərliyi üzrə məsul şəxslər üçün “Gender Azerbaijan” elektron portalının yaradılması da diqqət çəkir.. Portalda “İNTRANET” şəbəkəsi vasitəsilə dövlət qurumları üzrə genderə məsul şəxslərin koordinasiyasının təşkil edilməsi və onların gender bərabərliyi sahəsində məlumatlandırılması əks olunub.

 

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023- cü illər üçün Milli Fəaliyyət Planın” a əsasən Dövlət Komitəsinin saytında “Məişət zorakılığı” adlı xüsusi bölmə yaradılıb və “860” Qaynar xətti əlavə edilib.

 

Ancaq bu gün məişət zorakılığının hələ də ciddi problem kimi aradan qalxmadığını nəzərə alsaq, bu sahədə bütün istiqamətlərdə, o cümlədən media ilə əməkdaşlıq sahəsində də mütəmadi addımlar atılmalı, gənc jurnalistlərin maariflənməsi üçün təlimlər davam etdirilməlidir.

 

 

Fuad Hüseynazə

 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.