Ailə cəmiyyətdə ən mühüm sosial dəyərlərə malik fərdlərin sosial ittifaqıdır. Heç kimin ailə qurmaq və ya qurmamaqla bağlı hər hansı xüsusi öhdəliyi yoxdur və Azərbaycan Respublikasında nikaha girmək vətəndaşların öz müstəqil seçimidir. Azərbaycan qanunvericiliyinə əsasən 18 yaşına çatmış hər bir vətəndaş sərbəst şəkildə nikah bağlaya bilər. Qeyd edək ki, qanunun aliliyinin təmin olunması, eləcə də vətəndaş hüquq və azadlıqlarının təmin olunması ölkəmizdə ən yüksək səviyyədə olsa da etiraf etməliyik ki, bu gün cəmiyyətimizdə erkən nikahlar, qeyri-rəsmi nikahlar da var.
Bir çox hallarda bu cür nikahlara “dini nikahlar” adı altında don geyindirilsə də, əslində dövlətin rəsmi olaraq tanıdığı ailə modeli tərəflərin bərabər hüquqlar və razılıqları əsasında rəsmi şəkildə qurulan ailələrdir.
Aparılan araşdırmalara görə, məişət zorakılığı halları da ən çox erkən nikah və ya qeyri-rəsmi nikahda olan ailələrdə baş verir.
Bəzi hallarda bu cür nikahların qurulması iqtisadi amillərlə izah edilsə də burada tərəflərin digər sosial statuslarının da rolu olmamış deyil. Erkən nikahlar daha çox yaşlı ər və ya 18 yaşı tamam olmuş qadınlar arasında baş verir. Bu da öz növbəsində himin ailələrdə kişinin özünün ağa kimi aparması, qadınla qul kimi davranılması ilə nəticələnir ki, bu cür davranışlar da sonda ailə münaqişəsinin davamlı şəkil alması və nəticədə ailə faciələrinə gətirib çıxarması ilə müşaiyət olunur.
Bu gün tək Azərbaycanda deyil, bütün dünyadakı cəmiyyətlərdə ən önəmli problemlərin önündə birinci yerdə ailə problemləri gəlir. Bir çox ölkələrdə ailə zorakılığı ciddi bir ictimai problem olaraq qəbul edilir. Məsələnin ən pis tərəfi isə odur ki, hər il belə zorakılıqların sayı getdikcə artmaqdadır. Zorakılıqlar isə özündə fiziki, cinsi, iqtisadi, psixoloji, sosioloji və məişət zorakılıqlarını birləşdirir.
Ailələrdə zorakılıqların əsas hissəsini məişət zorakılıqları təşkil edir. Ailə zorakılığının 80% qurbanları qadınlardır. Qeyd edək ki, məişət zorakılığının yaranması qısqanclıq zəmin, mülkiyyət iddiası ilə bağlı, valideynlərin gənc ailələrə müdaxiləsi səbəbindən yaranır. O da istisna deyil k, məişət zorakılığını törədən şəxslər əsasən spirtli içki aludəçisi və ya narkotik istifadəçisi olan şəxslər olurlar.
Ailə münaqişələrində, əks cinsin nümayəndələri qadınları daha çox psixoloji zorakılığa məruz qoyur.
Bəzi kişilər fiziki zorakılıqdan daha çox psixoloji zorakılığa üstünlük verirlər. Onu da qeyd edək ki. qadınlara qarşı fiziki zorakılıq tarix boyu kişilərlə zərif cins arasında aparılan qeyri-bərabər bölgünün nəticəsində yaranan ədalətsizliyin səbəblərindən yaranır. Müasir dövr də daxil olmaqla bütün dövrlərdə kişilər qadınlara qarşı güc və səlahiyyətlərdən sui-istifadə edib. Qadınlara qarşı təkcə fiziki zorakılıq deyil psixoloji zorakılıq halları da 100 illərdir ki, davam edir.
Ola bilər kişi həyat yoldaşına fiziki olaraq heç bu şiddət göstərməsin, ancaq hərəkətləri ilə qadına psixoloji təzyiq edir. Bu isə qadınlarda yuxusuzluq, depressiya və aqressiya yaradır. Belə hallarda bəzən qadınlar kişi qatili belə ola bilərlər. Nəticədə isə zorakılıq qurbanı təkcə kişi və qadın deyil, həmin ailədə böyüyən uşaqlar da olur. Belə ailələr çox vaxt tamamilə dağılır.
Çünki hər bir insanın daxilində sevinc, sevgi kimi hisslərlə yanaşı aqressiya hissi də var. Aqressiya insanlara düşünərək xələl yetirməsi cəhdidir. Zorakılıq da insanın aqressiyasını müəyyən şəraitdə və ya situasiyada mənfi reaksiya olaraq özünü biruzə verməsidir.
Statistika göstərir ki, hər gün 3 qadın məişət zorakılıq qurbanına çevrilir. Hər il 5 min qadın öz ailə üzvü tərəfindən həyata keçirilən qətllərin qurbanı olur.
Qeyd edək k, son zamanlar ailələrdə narkotika istifadəçisi və eləcə də spirtli içki içən valideynlərin sayı artmaqda olduğundan bu cür ailələrdə yaşayan uşaqlar da məişət münaqişəsi zamanı fiziki və psixoloji şiddətə daha çox məruz qalırlar. Belə ailələrində də zorakılıq görən uşaqlar ya özlərinə qəsd edirlər, ya da uşaqlıqda aldığı travmalar onlarda kin və aqressiya formalaşdırır ki, həmin uşaqlar sonda potensial qatilə çevrilə də bilirlər.
Bir neçə il əvvəl Azərbaycanda baş verən qətl hadisəsinin nəticələrini aydınlaşarkən ortaya çıxarkən maraqlı mənzərə çıxmışdı. Azərbaycanda baş verən qətl hadisəsi ilə bağlı məlum olmuşdu ki, qızıl biznesi ilə məşğul olan qadını öz qızının öldürülməsinin əsas səbəbi ona anası tərəfindən uşaq vaxtı edilən fiziki və psixoloji şiddətlər nəticəsində aldığı travmalardır.
Bu kimi nümunələri daha çox çəkmək mümkündür. Əsas olan isə bu cür hadisələrə qarşı əhali arasında mütəmadi olaraq maarifləndirmə işinin aparılması, qadınların erkən nikahlardan yayındırılması istiqamətində preventiv tədbirlərin artırılmasıdır. Əks halda cəmiyyətdə məişət zorakılıqların müstəvisində ailə münaqişələrinin sayı daha da artacaq.
Fuad Hüseynzadə
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.