“Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin finalı tarixdə ilk dəfə olaraq Böyük Britaniyanın bütün kinoteatrlarında canlı yayımlanacaq.
Heftelik.az-ın xəbərinə görə, məlumatı Avropa Yayım Birliyi (EBU) təsdiqləyib.
Qeyd edək ki, Ukrayna İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olub. Nəticələrə əsasən yarışın qalibi 631 səslə Ukrayna (“Kalush Orchestra” qrupu “Stefania” mahnısı ilə) olub.
Lakin müharibə səbəbilə “Avroviziya-2023” mahnı müsabiqəsi bu ilin 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Ukrayna yarışmada birbaşa finala vəsiqə qazanacaq.
Müsabiqədə iştirak etməyən ölkələrdən olan tamaşaçılar öz sevimli iştirakçısına səs verə biləcəklər. Bunlara müsabiqədən kənarlaşdırılan Rusiya və Belarus da daxildir.
“Biz dünyanın qalan hissəsi səsverməsinin necə və harada keçiriləcəyi ilə bağlı daha ətraflı məlumatı tədbirin keçiriləcəyi vaxta yaxın dərc edəcəyik”, – deyə birlik bildirib.