UNESCO yanında Frankofon Səfirlər Qrupu tərəfindən qurumun mənzil-qərargahında 2023-cü il 21 mart tarixində Beynəlxalq Frankofoniya Günü ilə əlaqədar tədbir keçirilib.

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyindən Heftelik.az-a verilən xəbərə görə, tədbirdə 42 ölkə iştirak edib.

Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi sözügedən tədbirə müşahidəçi qismində qoşulub.

Ölkəmiz tədbirdə 19-cu əsrdə Şuşada yaşamış Azərbaycan şairi və rəssamı Xurşudbanu Natəvanın “Gül dəftəri”ndən üç rəsm əsərini sərgidə nümayiş etdirib.

Musiqi proqramına gəldikdə isə “Ay, Laçın” və “Sarı gəlin” kompozisiyalarını balaban və zurnada Səddam Novruzbəyov, udda İqnasio Naon və nağarada Neşet Kutasdan ibarət istedadlı trio ifa edib.

Tədbir iştirakçıları milli mətbəximizin dolma və qutab kimi məşhur təamlarından, Novruz bayramının rəmzlərindən olan paxlava və şəkərburadan dadıblar. Hər zaman olduğu kimi milli musiqimiz və milli mətbəximiz qonaqların yüksək rəğbətini qazanıb.