“Bank BTB”nin rəhbərliyində dəyişiklik olub, Müşahidə Şurasının (MŞ) üzvü Əliş Tağıyev vəzifəsindən ayrılıb, Rövşən Fərhad-zadə MŞ-yə yeni üzv seçilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, İdarə Heyətinin (İH) sədri Emil Rzayev də vəzifəsindən ayrılıb. İdarə Heyəti sədrinin birinci müavini Eldəniz Hüseynov İH sədrinin əvəzedicisi vəzifəsinə təyin edilib.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66.5 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.
Qeyd edək ki, “BTB Bank”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir.
Nigar Mehdiyevanın həyat yoldaşı fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevdir. Ramiz Mehdiyevin nazir müavini olan yeganə oğlu da ölkənin aparıcı nəşriyyatlarından biri olan “Şərq-Qərb” ASC-nin əsas səhmdarı (96,5%) hesab olunur.