Ermənistanın sülh şansı

27 Mart 2023, 07:01

Prezident İlham Əliyev: “Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlamalıdır”

Son günlər Ermənistan tərəfindən Qarabağ məsələsi ilə bağlı dalbadal qeyri-konstruktiv açıqlamalar gəlir. Bu açıqlamalardan bir da aydın görünür ki, Ermənistan sülh danışıqlarından yayınaraq qəti mövqe sərgiləmir. Elə bu mövqesizlik prosesin irəliyə doğru getməsini tormozlayr. Azərbaycan isə öz mövqeyini açıq şəkildə bəyan edir. Prezident İlham Əliyev martın 14-də Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransındakı çıxışında bir daha sülh danışıqları ilə bağlı mövqeyini bildirib: “Vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Bu nida işarəsi 2020-ci il noyabrın 8-də Şuşada qoyuldu”.

Azərbaycan sülh gündəliyinə sadiqliyini dəfələrlə sübut edib. Dövlətimiz sülhün bərqərar olmasını istəyir. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasında israrlıdır. Elə sülh müqaviləsinin imzalanması ilə bağlı ilk olaraq təşəbbüs də məhz Azərbaycan tərəfindən irəli sürülüb. Ermənistan kommunikasiyaların açılmasını istəmir. Bununla da 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın müddəalarının ziddinə getmiş olur. Amma Rusiya tərəfinin də mövqeyi budur ki, Üçtərəfli bəyanatın müddəalarının icra edilməsi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması yolu ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin sabit şəkildə normallaşmasına nail olmaq mümkündür. Ermənistanın üzərinə düşən öhdəliklərini yerinə yetirməməsi Ermənistan baş naziri Paşinyanın öz sözünün üzərində durmaması və siyasi iradəsizliyini göstərir. Qəribədir ki, sülhdən qaçmaq üçün Paşinyan öz öhdəliyini vassalı olduğu ölkələrin üzərinə yükləməyə çalışır. Bütün bunlar sülhün yaranmasına imkan vermir.

Ermənistan baş naziri Nikol Paşinyan özü də dəfələrlə bilmədən etiraf edib ki, dünya istisnasız Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Amma buna baxmayaraq Nikol Paşinyan sülh prosesini uzatmaq üçün süni maneələr yaradır və erməni xislətinə uyğun olaraq riyakarlıq edir. Ermənistan Qarabağ məsələsinin həlli istiqamətində Qərb ölkələrinin təklifini qəbul etmir. Amma Ermənistan irəli sürdüyü təkliflər də bütün hallarda Azərbaycan üçün qəbulolunmazdır. Almaniyadakı çıxışında Prezident İlham Əliyev bir daha xatırlatdı ki, sülhün zamanı çatıb: “Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif edib. Ermənistan bu şansı qaçırmamalıdır. Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlamalıdır”. Əslində, Ermənistan bunları qəbul edib, amma icra etmək iqtidarında deyil. Görünür, Ermənistan asılı olduğu ölkələrdə, eyni zamanda erməni lobbisindən konkret vəd ala bilmir deyə, bu varianta getmir.

Dünyada Qarabağı Azərbaycanın bir hissəsi hesab etməyən dövlət yoxdur. Bunu heç bir ölkə açıq şəkildə elan etməyib. Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun mətbuat konfransında bu məsələ ilə bağlı qəti mövqeyini bəyan edib: “Biz öz mövqeyimizi aydın şəkildə bildirdik. Biz həmçinin Dağlıq Qarabağı respublika kimi qəbul etmədik, Dağlıq Qarabağı da tanımadıq”.

Bu kimi çıxışlar Ermənistanın separatçı ölkə olmasına mesajdır. Məhz belə çıxışlara cavab olaraq Nikol Paşinyan bəyanatlarında beynəlxalq ictimaiyyətə həqiqətə uyğun olmayan çağırışlar edir. Amma bunlar, Paşinyanın illüziyasından başqa bir şey deyil.

Rəsmi İrəvan hələ də indiki vəziyyətin fərqli olduğu anlamaq istəmir. Azərbaycanın siyasi, iqtisadi, hərbi gücü, eləcə də imici Qarabağ məsələsinin həlli üçün təkan verib. Prezident İlham Əliyev, həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyindən Ermənistana dəfələrlə çağırış olub ki, sülhdən qaçmaq bu ölkəyə yaxşı olmayacaq. Azərbaycan bu istiqamətdə səylərini davam etdirir. Əsas istək odur ki, beynəlxalq birlik məsələyə daha ədalətli yanaşsın. Məhz bu yanaşma, bölgədə sülhün yaranacağına böyük ümid verir.

 

Aybəniz Rüstəmova

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq

kafedrasının müdiri,  tarix üzrə fəlsəfə doktoru, dosent