Müasir dövrdə cəmiyyəti narahat edən əsas problemlərdən biri məişət zorakılıqlarının artmasıdır. Məişət zorakılıqları baş vermə motivinə görə fiziki, psixi, seksual, iqtisadi amillərlə bağlı olsa da adətən bu tipli hadisələr birgə yaşayış çərçivəsində baş verir.
“Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikası qanununa əsasən məişət zorakılığı yaxın qohumlar və ailə daxilində birgə yaşayış və ya əvvəllər birlikdə yaşamış şəxslər arasında baş verir. Bu münaqişə zamanı adətən kişi cinsinin nümayəndələri qadınlara fiziki şiddət və ya seksual zorakılıq göstərirlər.
Qeyd edək ki, Azərbaycanda qısqanclıq müstəvisində zorakılıq hallarına daha çox rast gəlinir. Həmçinin ucqar bölgələrdə kişilərin qadınları maddi baxımdan özündən asılı vəziyyətdə saxlayaraq fiziki şiddət göstərməsi ilə yanaşı, onlara psixoloji və iqtisadi baxımından da təzyiq göstərməsi kimi halları da var.
Məişət zorakılıqları nədən baş verir? Bu kimi hadisələrin qarşısını necə almaq olar?
Qeyd edək ki, məişət zorakılığı müstəvisində baş verən hadisələr müasir dövrün yaratdığı problemlər deyil. Bəşər övladı yaranandan bu günə qədər müxtəlif cəmiyyətlərdə məişət müstəvisində münaqişələr də, zorakılıq halları da olub.
Bunlardan ən çox rast gəlinən isə kişilərin qadınlara qarşı fiziki və seksual şiddət göstərməsidir.
Bəs məişət zorakılıqları niyə baş verir? Yerli və xarici ekspertlər hesab edirlər ki, bu hadisələrin baş verməsində bir neçə əsas amillər var. Bunlardan biri və belə deyək ki, ən başlıcası kişilərin ailənin patriarxal qaydalarla idarə etməsidir. Baxmayaraq ki, müasir dövrdə qadınların təhsil alması, işləməsi, öz bilik və bacarıqlarının müxtəlif sahələrdə göstərməsi adı ilə normal hal kimi qəbul edilir.
Ailədaxili məsələlərə gəldikdə hələ də kişilər özlərinin “evin agası” və ya “evin böyüyü” kimi aparırlar. Məsələnin ən acınacaqlı tərəfi isə odur ki, məişət zorakılıqları təkcə təhsildən yayınmış və ya təhsilsiz olan insanlar arasında deyil, bəzən yüksək təhsilli insanlar ailələrində də baş verir. Təbii ki, səbəb və motivlər fərqli olar. Bununla belə nəticə eynidir.
Ekspertlərə görə, məişət zorakılıqlarının baş verməsində həlledici rolu oynayan ikinci amil erkən nikahlar və ya yaşlı kişilərin yetkinlik yaşına çatmayan qızlarla evləndirilməsidir. Baxmayaraq ki, Azərbaycan qanunvericiliyi bu cür nikahları yasaqlayır və hüquq-mühafizə orqanları bu istiqamətdə davamlı iş aparırlar, hələ də bölgələrdə belə evliliklər və ya evliliklərin baş tutması cəhdləri olur. Ekspertlərin fikrincə, erkən nikahla qurulmuş ailələrdə məişət münaqişəsinin sayca çox olmasının səbəbləri ailə quran şəxslər arasında fiziki və digər uyğunsuzluqların olmasıdır. Bu cür ailələrdə qadınlar təkcə fiziki şiddət deyil, bununla yanaşı olaraq seksual zorakılıqlarla da üzləşirlər. Məişət zorakılığı ilə bağlı hadisələrin ört-basdır edilməsi də bu sahədə problemlərin həllini çətinləşdirir. Bir çox hallarda qadınlar utanc hissi və ya “cəmiyyət buna nə deyər” düşüncəsi ilə ailənin nüfuzuna ziyan gəlməməsi baxımından bu cür hadisələri gizlətməyə çalışırlar. Lakin bir çox hallarda da bu cür hadisələrin gizlədilməsi sonradan daha ağır nəticələrə qadınların fiziki şiddət nəticəsində sağlamlıqlarını və əmək qabiliyyətinin itirməsi, mənəvi sarsıntı və ya depressiyaya düşməsinə gətirib çıxarır. Həmçinin münaqişələrin dərinləşməsi belə ailələrdə qətllərin baş verməsinə də yol açır.
Bəs bu problemlər necə həll etmək olar?
Aparılan təhlillər və araşdırmalar onu göstərir ki, məişət münaqişələrinin qarşısının alınmasının ən əsas yollardan biri maarifləndirmə tədbirlərinin gücləndirilməsidir. Bu istiqamətdə mediada davamlı məqalələrin yazılması, televiziyalarda video çarxların davamlı olaraq nümayiş etdirilməsi, qısa metrajlı filmlərin çəkilməsi labüddür.
Həmçinin qadınlar arasında öz hüquqlarının öyrənilməsi ilə bağlı davamlı maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Həmçinin vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin daha da genişləndirilməsi zəruridir. Bununla yanaşı, ölkədə “Kişi və qadınlar arasında gender bərabərliyi haqqında” Qanunla bağlı çoxsaylı maarifləndirmə tədbirləri, “Məişət zorakılıqlarının qarşısının alınması haqqında” Qanun tələbləri çərçivəsində müvafiq dövlət qurumlarının və sığınacaqların çevik və operativ iş qurması da zəruri tədbirlər sırasındadır.
Yalnız bu halda cəmiyyət zorakılıq hadisələrinin az yaşaya və ya az müşahidə edə bilər.
Fuad Hüseynzadə
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.