İnzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir.

Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərardan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır.