Hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi müəyyən olunarkən hansı halların nəzərə alındığı açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi müəyyən olunarkən aşağıdakı hallar nəzərə alınır:
– cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi;
– cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi;
– cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı;
– cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə;
– cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən digər tədbirlər;
– hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması.
Əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxsə yenidən cərimə və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbir təyin olunarkən müvafiq olaraq Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət-hüquqi tədbirlərin aşağı və yuxarı həddinin orta həddindən aşağı cinayət-hüquqi tədbir təyin edilə bilməz.