Azərbaycan Respublikasının 1991-ci ildə müstəqillik əldə etməsindən sonra isə demokratik təcrübənin qazanılması – siyasi partiya ənənələrinin formalaşması məhz lider amili sayəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin siyasi lider kimi məqsədyönlü fəaliyyətinin nəticəsində müstəqillik və dövlətçilik tariximizin çox mühüm siyasi ənənələrindən biri formalaşıb. Bu, siyasi partiya ənənəsidir və 1992-ci ilin noyabrın 21-də xalqın çağırışı əsasında güclü Lider ətrafında partiyanın – Yeni Azərbaycan Partiyasının yaradılması ilə baş tutub.
Yeni Azərbaycan Partiyasının yaradılmasına qədər ölkəmizdə siyasi sistemin mövcud olmadığını bildirən Prezident İlham Əliyevin xalqın diqqətinə çatdırığı sözləri: “Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir”.
Ölkəmizdə siyasi münasibətlər yeni çağırışlar və reallıqlar, həmçinin milli maraqlar əsasında tənzimlənir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi bu sahədə öz səmərəli fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.
2021-ci ildə Azərbaycanda siyasi sistemin inkişafına müsbət təsir göstərən amillərdən biri bəzi hüquqi məsələlərin həlli oldu. Bu baxımdan, yeni siyasi partiyaların qeydiyyata alınması xüsusi vurğulana bilər. Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı bu məsələyə toxunaraq “Bir neçə ay bundan əvvəl mənə məlumat verildi ki, bəzi partiyalar qeydiyyatdan keçməyiblər. Mənim üçün bu, sözün düzü, yenilik idi. Mən bilmirdim. Mənə heç kim məlumat verməmişdi ki, belə hallar var. Ona görə mən dərhal göstəriş verdim ki, bu məsələ öz həllini tapmalıdır. İndi siyasi partiyaların qeydiyyat məsələsi öz həllini tapır”, “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.” “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.”- deyə qeyd etmişdi.
Prezident İlham Əliyev şəxsən özü dəfələrlə siyasi dialoq məsələsinin önəmindən danışıb. Elə hakim partiyanın qurultayında da siyasi dialoqun önəminə və buna hazır olduqlarına diqqət çəkib: “Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Bu gün ölkəmizdə siyasi dialoq aparılır. Bu, çox təqdirəlayiqdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.
Həmçinin qeyd etmək lazımdır ki, illər ərzində bu fəaliyyət çərçivəsində bütövlükdə, görülən bütün bu işlər – həyata keçirilən tədbirlər siyasi birliyin güclənməsini və milli həmrəyliyin möhkəmlənməsini təmin edən çox mühüm amildir.

Ayan Səfərəliyeva

Yevlaxlı fəal gənc, Mingəçevir
Dövlət Universitetinin 3-cü kur tələbəsi