Yəni, bütün bu işlər yoluna qoyulacaq. Yenə də deyirəm, dövlət öz üzərinə düşən vəzifəni icra edir.
Heftelik.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
“Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda mənim xüsusi nümayəndələrim artıq fəaliyyətə başlayacaqdır. Hələ təkcə Kəlbəcər rayonunda təyin edilməyib, bu da olacaq. Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir. Bax, mənim tapşırıqlarım bundan ibarətdir, siz mənim etimadımı doğrultmalısınız”, Prezident deyib.