Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi yeni mübadilə metodudur
Son illər Azərbaycan dövləti həyata keçirdiyi xarici və daxili siyasətdə bir sıra təşəbbüslərlə çıxış edir. Xüsusən daxili siyasi arenada müxtəlif partiyalar arasında dialoqun yaranması ilə bağlı dövlət tərəfindən irəli sürülən təşəbbüslər öz müsbət effektini verib. Bütün bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi köklü islahatların tərkib hissədir. Bu islahatların həyata keçirilməsi artıq zamanın tələbidir. Yeni zaman biçimində siyasi konfiqurasiyanın dəyişməsi zərurətə çevrilib. Prezident İlham Əliyev hesab edir ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır: “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır”.
44 günlük Vətən müharibəsi günlərində Azərbaycanda Vətən və Qələbə naminə siyasi həmrəylik nümayiş olundu. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərib. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanıb. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir.
Yuxarıda bildirdiyimiz birgə tədbirlərdə AXCP, Müsavat Partiyası və “Milli Şura” adlı təşkilat iştirak etməyiblər. Bu da bir daha sübut edir ki, radikal müxalifət Vətən naminə belə, siyasi dialoqa gəlmək istəmir. Rasional və demokratik müxalifətçilik dialoqsuz mümkünsüzdür. Açıq müzakirələri tələb edən dialoq mühiti cəmiyyətdə mövcud potensialının səfərbər olunmasına xidmət edir. Odur ki, dialoqun inkar etməsi milli həmrəyliyə qarşı çıxış etmək deməkdir.
Radikal müxalifətin ölkədə baş verənlərə qeyri-obyektiv yanaşmaları heç bir halda qəbul edilmir. Boş xülyalarla yaşayan bu cameənin nümayəndələri hər hansı sosial elektorata sahib deyillər. Onların fəaliyyəti yalnız sosial şəbəkələrdə gülünc çıxışlar etməkdən o yana keçmir. Artıq radikal müxalifətin çağırışlarını öz ideyadaşları belə, etirazla qarşılayır. Belə olan halda illərdir ki, öz partiyalarını ağuşuna alıb qucaqlayanlar, müxalifətdən getmək vaxtının çatdığını bilmirlər. Zaman dəyişib, amma onlar dəyişmir. Real ideya və düşüncəsi olmayan radikal müxalifətin nümayəndələrini xalq artıq qəbul etmir. Onlar Azərbaycanda xalqın aparacağı milli mübarizəyə ziyan vururlar. Çünki radikal müxalifətin bu günə kimi xalqa hər hansı faydası dəyməyib. Siyasi dialoqun yaranması artıq dövlətin prioritetidir. Azərbaycanda dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasətinin ilk mərhələsi hesab olunan ötən iki il siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi mərhələsi idi. Ölkədə siyasi həmrəyliyin gündən-günə gücləndiyi bir zamanda radikal müxalifətin küncə çəkilib tənha durumda qərəzçilik etməsi onları daha da gözdən salır.
Demokratiyada hamının fikrini normal qəbul etmək lazımdır. Həyatda da, siyasi mübarizədə də bir rəqabət var. Kimisi irəli çıxmaq istəyir, kimisi başqalarına kömək etmək istəyir. Həm siyasi təşkilatların daxilində, həm də cəmiyyətdə yaradılan demokratik ab-hava siyasi ambisiyaları önə çıxarmağa imkan verir. Dövr, zaman dəyişib, hadisələrə yanaşma fərqlidir. Mübadilə metodlarında da müəyyən fərqliliklər ortaya çıxır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi yeni mübadilə metodudur. Radikal müxalifət isə hələ də bunu anlamaqdan uzaqdır.
Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent