Siyasi dialoq yolu  

29 Mart 2023, 11:20

 

Prezident İlham Əliyev: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik”

 Bu gün Azərbaycanda radikal müxalifətin necə kifləndiyini, təmsilçilərinin necə “köhnəldiyini” elə öz içlərindən etiraf edirlər. İqtidardan bu barədə onlara çox deyilmişdir, amma siyasi mübarizədən gözləri doymur deyə qəbul etmək istəmirdilər. Artıq iş o yerə çatıb ki, müxalifətin qocaldığını da özləri dəfələrlə bir-birlərinə deyirlər. Hətta bununla bağlə elə özləri geniş məqalələrlə çıxış edir, sosial mediada debatlar edirlər. Radikal müxalifət buna görə də nə öz aralarında, nə də qarşı tərəflə siyasi dialoqa gələ bilmir. Onlar hələ də anlamaq istəmirlər ki, demokratiyaya gedən yol siyasi dialoqdan keçir. Azərbaycan dövləti də onlara bunu təşəbbüsü edib. Bu baxımdan Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı diqqət çəkir: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”

Radikal müxalifətdəki ötən əsrin aktivistləri hələ də siyasət meydanını yeni nəslə verməyib. 30 ildən artıq müddətdə Azərbaycan ictimai-siyasi mühitində bir sıra dəyişikliklər olub. Amma radikal müxalifətin nə siması, nə düşüncə və fəaliyyət istiqamətləri dəyişməyib. Bu baxımdan siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçan qüvvələr öz radikal və xain mövqelərini nümayiş etdirmiş olurlar. Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən “Siyasi partiyalar haqqında” yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa etdilər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar. Onlar siyasi səhnədə qalaraq yenə də öz “oyunlarını” oynayırlar. Azərbaycanın naminə dəyişib mövcud siyasi konfiqurasiyaya uyğun fəaliyyət göstərilməlidir. Yeni fikirlər, yeni ideyalar irəli sürülməli, cəsarətli addımlar atılmalıdır. Radikal müxalifət indiyə kimi bunu bacaran yeni qüvvələr yetişdirməli idi ki, indi üzə çıxsın.

Radikal müxalifətin tənqidi ritorikası emosional və spekulyativ xarakterli demaqogiyadır. Müxalifətin emosional və əsassız ritorikasının təyinatı ölkəmizdə yeni təxribat xarakterli situasiyalarının yaradılmasından ibarətdir. Rasionallıq və konkretlikdən uzaq olan demaqogiyanın strateji hədəfi əldə olunmuş uğurlara “kölgə” salmaqdan ibarətdir. Radikal müxalif mətbəxi eybəcərliklərlə doludur. Köhnə qüvvələr imkan vermir li, yeni liderləri səhnəyə çıxsın. Kimsə irəli çıxsa da elə öz içlərindən şərləyirlər. Buna görə də zəif vəziyyətdə qalıblar və ildən-ilə özlərini aşağılayıcı duruma düşürürlər. Bunlar hələ də bilmirlər ki, bu illər ərzində eyni metod, qərəzli yolla aparılan mübarizə heç bir demokratik qaydalara sığmır.

Siyasi şərhlərdə qeyri-obyektivlik və qərəzlilik bilavasitə xarici qüvvələrinin marağına xidmət etməyinin təzahürüdür. Radikalların qərəzli siyasi ritorikası məhz iqtidar tərəfindən ötən müddət ərzində əldə olunmuş uğurlarının gözdən salınmasına fokuslanıb. Bu cür ritorika sağlam əməkdaşlığa çağırmır, bu cür ritorika cəmiyyətin parçalanmasına xidmət edir. Odur ki, iqtidarın dialoqla bağlı açıq mesajlarına radikallar yalnız yeni təxribatlarla cavab verir. Dövlətin irəli sürdüyü siyasi dialoq təklifinə radikal müxalifətin köhnə “metodlarla” cavab verməsi bir daha onların dəyişmədiyini göstərir. Məlum olur ki, radikal müxalifətin ortaya qoymağa yeni ideyaları yoxdur. Buna görədir ki, dövlətimizin inkişafını istəməyən radikal müxalifət iqtidarın siyasi təkliflərinə, təşəbbüslərinə normal reaksiya vermir. Artıq ötən iki ildə siyasətdə sağlam münasibətlərin tərəfdarlarını müəyyən etmək və müxtəlif təxribatlarla ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan “qüvvələrin” ifşa olunub. Yeni dövrün öz çağırışları var. Hökumət bununla ayaqlaşdığı kimi, müxalifət də ayaqlaşmalıdır. Dövlət tərəfindən açıq və demokratik rəqabətə çağırış edilib. “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. Amma bu rəqabətə dözümlü olmayan radikal müxalifət ünsürləri aydındır ki, hələ də yeni dövrlə ayaqlaşa bilmir, dövlətin təşəbbüslərinə qərəzli yanaşırlar. Onların atdığı addımlardan, gündəmindən bütün bunlar aydın görünür. Bu gün Azərbaycan hökumətinin prioritetlərindən biri də ölkədə və xaricdəki milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsidir. Hazırda dövlət başçısı səviyyəsində bu məsələ diqqət mərkəzində saxlanılır.

 

Səyavuş Qasımov

Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru,

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent