Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə doqquz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı beş ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, bu fəsildə nəzərdə tutulmuş istər beynəlxalq, istərsə də daxili silahlı münaqişə zamanı hərbi əməliyyatların planlaşdırılması, hazırlanması, başlanması və ya aparılması ilə əlaqədar olaraq törədilmiş əməllər müharibə cinayətləri hesab olunur.

Muzdlu dedikdə, hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərən şəxslər nəzərdə tutulur.