Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Fuad Cəlilzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə zərərçəkmiş şəxslərin hüquqi varisi kimi qətlə yetirilən ailənin iki oğlu tanınıb. Onlar hadisə qeydə alınan vaxt Bakıda olublar.

İş üzrə baxış iclası aprelin 12-ə təyin edilib.

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində qətlə yetirilən şəxslərlə uzun illərdir aralarında ədavət olduğunu deyib. Fuad Cəlilzadə verilmiş ittihamla təqsirli bilinərsə, 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, hadisə ötən il dekabrın 2-də Beyləqan rayonunun Tatalılar kəndində qeydə alınıb. Rəsmi məlumata görə, kənd sakini, 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyevi, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqlarını evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələyib.

Fuad Cəlilzadəyə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qətlə yetirmək) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.