İnzibati xəta haqqında işə baxılma qaydası açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, İnzibati xəta haqqında işə baxılarkən:

– işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur;

– inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir;

– fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir;

– iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir;

– işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur;

–  edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir.

Aşağıda göstərilən hallarda işə baxılmanın başqa vaxta keçirilməsi barədə qərardad qəbul edilir:

– əgər etiraz etmə işin mahiyyəti üzrə baxılmasına mane olursa, özü-özünə etiraz etmə və ya işə baxan hakimə, vəzifəli şəxsə, yaxud kollegial orqanın üzvünə etiraz etmə barədə ərizə daxil olduqda;

– mütəxəssisə, ekspertə və ya tərcüməçiyə etiraz etmə işin mahiyyəti üzrə baxılmasına mane olduqda;

– işdə iştirak edən şəxsin gəlməsi və ya əlavə sənədlərin tələb olunması, yaxud ekspertizanın təyin edilməsi vacib olduqda.

İştirakı məcburi olan şəxsin gətirilməsi barədə qərardad çıxarılır. İşin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. İşə baxılma davam edərsə, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işə baxılmada prokuror iştirak etdikdə, onun rəyi dinlənilir.