31 Mart – Azərbaycanlıların Soyqırımı Günü minlərlə soydaşımız Quba Soyqırımı Memorial Kompleksi və soyqrımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edir.
Heftelik.az xəbər verir ki, martın 31-i səhər saatlarından başlayaraq Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Bakı şəhərindən və ölkəmizin digər bölgələrindən gələn, müxtəlif təşkilatları təmsil edən həmvətənlərimiz soyqırımı qurbanlarını xatirəsini ehtiramla anırlar.
Quba Soyqırımı Memorial Kompleksi fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə 1 milyondan çox ziyarətçi qəbul edib. Onlardan 178 min nəfəri əcnəbilərdir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.