Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqla Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Cəmil İsmayılovun 2022-ci ilin avqust-oktyabr aylarında hava limanı ilə ölkəyə gətirilən qızıl-zinət əşyalarının gömrük ödənişlərinə cəlb olunmadan qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün rüşvət müqabilində bir qrup şəxsə köməklik göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Heftelik.az-a veriln məlumata görə, Cəmil İsmayılova Cinayət Məcəlləsinin 32.5, 206.3.1, 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar qaçaqmalçılığa köməklik), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.