“Martın 2-də Hacı Şahinin müəmmalı ölümü, martın 4-də hipermarketə hücum, martın 9-da Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid zəncirdə birləşir”.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Zahid Oruc deyib ki, terrorun silahı nə olursa olsun, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir: “Prezident İlham Əliyevin və hörmətli Mehriban xanımın silahlı qəsdə qarşı verdikləri reaksiya 3 il əvvəl müharibə zamanı göstərdikləri iradə ilə eynidir. “Bizimlə ultimatum diliylə danışmaq mümkün deyil” söyləyən ölkə rəhbərinin seçdiyi yoldan geri çəkilməyəcəyini göstərir. Terror aktı Azərbaycan dövlətinin sülh quruculuğu naminə həyata keçirdiyi siyasətə inamı sarsıtmaq məqsədi daşıyır. Fazil Mustafaya qarşı terrorun Ramazan ayında baş verməsi sifarişçilərin İslama, etiqadlı insanlara, müsəlmanlara münasibətinin göstəricisidir. Son aktı törədənlər Danimarka və Niderlandda Quranı yandıranlardan fərqlənmirlər. Orucluq ayında iftardan çıxan inanclı bir adama qarşı terror aktı törədənlər Zori Balayanla, Yaxın Şərqdə din bayrağı altında edamlar həyata keçirən İŞİD-la eyni səngərdədir. Ona görə də silahlı dindarları, islam tarixində yüksək mərtəbə tutan İmam Hüseyn adına terror təşkilatı yaradanları həqiqi inanclı adamlar, bütün konfessiyaların təmsilçiləri pisləməli, terroru hamı lənətləməlidir”.
Deputat qeyd edib ki, vətəndaşlar terrora susqunluq göstərmir, millətimizin son 30 ildə yaşadığı terrora dirəniş refleksi oyanıb: “Biz terror şəbəkəsinin bütün üzvlərini, dövlətə və vətəndaşlara qarşı yeni təxribat və potensial təhlükələrin qarşısını almaq üçün təhlükəsizlik və hüquq mühafizə orqanlarının peşəkar tədbirlərini alqışlayırıq. “Silahlı “dindar”ların həbsi İrana zərbə deyil, dövlətə inamı zəiflədən hadisədir” deyən adamlar nə təklif edirlər, ölkəmizdə “yaşıl inqilab” edib, müstəqillikdən imtinanımı istəyirlər?”
Zahid Oruc əlavə edib ki, terror aktı hərbi meydanda ordumuza məğlub olanların paytaxt Bakıda və digər qeyri-döyüş ərazilərində dövlətimizdən və xalqımızdan qisas almaq məqsədi güdsə də, sui-qəsdlər və siyasi qətllər, iqtisadi diversiyalar və casus şəbəkələrinin təxribatları ölkəmizi parlaq Qələbəsindən və yeni qazandığı ərazilərdə möhkəmlənməkdən, Xankəndi-Laçın yolundan və 10 noyabrda ordunun dayandığı mövqelərdən irəli gedərək qazandığı yeni strateji yüksəkliklərdən çəkindirə bilməz.