Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılmalı, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilməlidirlər.
Bunu Heftelik.az-a açıqlamasında hüquqşünas Yaşar Ağazadə bildirib.
Əmək Məcəlləsinə əsasən, yaş yarımına çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir.
Bu Məcəllənin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan hallar (hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatlar, peşələr (vəzifələr), habelə yeraltı işlər, hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amilləri) baş verdikdə həmin hallar aradan qalxanadək işəgötürən hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınları yüngül işə keçirməlidir.
Qadınlar bu maddədə nəzərdə tutulmuş hallarda başqa yüngül işə keçirilərkən onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır.
Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılması qadağandır.