Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə cərimələr açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına, yəni:
– siyasi partiya tərəfindən dövlət orqanının və ya vəzifəli şəxsin fəaliyyətinə müdaxilə edilməsinə;
– “Siyasi partiyalar haqqında” qanun ilə qadağan olunmuş vəsaitin, o cümlədən ianələrin siyasi partiyalar tərəfindən qəbul edilməsinə;
– Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə;
– ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya fəaliyyət göstərməyə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak etməyə görə-
fiziki şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
Nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.