İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları müvafiq inzibati-ərazi vahidi üzrə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlayanadək müvafiq icra hakimiyyəti orqanına göndərir.
İcra məmuru barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısındakı yerlərdən birində işləmək üçün göndəriş verir. İctimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı hər hansı məlumat tələb edildikdə icra məmuru müvafiq icra hakimiyyəti orqanına bu barədə sorğu verir. Sorğuya beş iş günündən gec olmayaraq cavab verilməlidir.
Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin yerinə yetirilməsinə cəlb olunur.