İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi qaydası açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir:
– İnzibati Xətalar Məcəlləsinin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə;
– barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə;
– inzibati tənbeh tətbiq etmə haqqında qərarın müəyyən edilmiş icra müddəti keçdikdə;
– İnzibati Xətalar Məcəlləsinə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda;
– ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallar yarandıqda;
– barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə inzibati məsuliyyətə cəlb edildikdə.
İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir.