Dələduzluqda ittiham olunan sabiq prokuror Mirələkbər Seyidovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror Valeh Ələkbərov çıxış edib.

Prokuror Mirələkbər Seyidovun verilmiş ittihamla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərtilə 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər.

İttihama görə, Mirələkbər Seyidov Binəqədi rayon prokuroru olduğu müddətdə eyni rayonun hakimi Həsən Əliyevə özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək onu rayonlardan birinin məhkəməsinə sədr təyin olunacağına kömək edəcəyi barədə yalan vəd verib. O, bunun üçün sabiq hakimdən 200 min dollar pul alıb.

Bundan başqa, Mirələkbər Seyidov tanışı Tahir Hüseynovun 70 min dollar məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Qeyd olunan əməllərə görə Mirələkbər Seyidova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində istintaq dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Mirələkbər Seyidov iş üzrə zərərçəkmiş Həsən Əliyevə dəymiş ziyanı ödəyib, tərəflər arasında barışıq əldə olunub. Digər zərərçəkmiş şəxsə dəymiş ziyan isə ödənilməyib.

Xatırladaq ki, həm sabiq prokuror Mirələkbər Seyidov, həm də zərərçəkmiş sabiq hakim Həsən Əliyev əvvəllər ayrı-ayrı işlər üzrə dələduzluqda təqsirli bilinərək məhkum olunublar.

Binəqədi və Ağdaş rayonunun prokuroru olmuş Mirələkbər Seyidovun işinə 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Ona şərti cəza verilib.

Sabiq hakim Həsən Əliyev isə 2014-cü ildə dələduzluq yolu ilə pul ələ keçirmə ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub.

O, bundan sonra Prezidentin sərəncamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad olunub. Sabiq hakim 2015-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 müddətinə azadlıqdan məhrum edilib.