Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yaymaya görə cərimə və cəzalar məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
Eyni əməllər:
– qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
– təkrar törədildikdə;
– vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.