Qax rayonunda 17 yaşlı bacısı Albina Papiaşvilini qətlə yetirməkdə ittiham olunan 15 yaşlı Jora Papiaşvilinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Jora Papiaşvi köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməkdə təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib.

Qanuna əsasən, 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza verilə bilməz.

Xatırladaq ki, hadisə 2022-ci ilin noyabr ayında baş verib.

Noyabrın 5-i saat 19 radələrində 2005-ci il təvəllüdlü Albina Papiaşvilinin üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi ilə bağlı Qax rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin qardaşı 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Jora Papiaşvili barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanıtəqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsinə tövsif olunub.