Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bunu Heftelik.az-a vəkil Elməddin Məhərrəmov bildirib.
Cinayət Məcəlləsinə əsasən, qəsdən:
– bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;
– xuliqanlıq niyyəti ilə adam öldürmə;
– zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə;
– xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə;
– tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə;
– başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə;
– iki və ya daha çox şəxsi öldürmə;
– təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə;
– təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə;
– təkrar adam öldürmə;
– quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə;
– milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə—
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.