Heftelik.az xəbər verir ki, qardaş Türkiyə Respublikasının zəlzələ bölgələrinə ezam olunan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssislər qrupu zəlzələlərin episentrində yerləşən Kahrmanmaraş şəhərinin Pazarcıq qəsəbəsində tədqiqatları davam etdirirlər. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi altında ərazidə maqnitometrik, qravimetrik və mühəndis seysmik tədqiqatlar aparılır.
Qeyd edək ki, hazırda həmin ərazidəki binalarda yaşayış yoxdur. RSXM-nin mütəxəssislərinin apardığı tədqiqat işləri nəticəsində ərazidə gərginlik vəziyyəti müəyyən ediləcək. Həmçinin, gələcəkdə aparılacaq tikinti işləri ilə əlaqədar bu ərazilərin dərinlik quruluşu, hansı qırılmalarla bağlı olduğu öyrənilərək, ərazinin seysmikliyi qiymətləndiriləcək. Aparılan tədqiqatlar başa çatdıqdan sonra alınmış nəticələr analiz edilərək, Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamentinə təqdim olunacaq.
Aparılan tədqiqatlarla AMEA nəzdində RSXM-nin Youtube kanalında yaxından tanış olmaq olar:
https://www.youtube.com/watch?v=SjihNXfzhJw