Kənd təsərrüfatı və başqa aqrar-sənaye sahələrində işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin yaranması və tənzimlənməsi yalnız müvafiq növ müəssisənin təsis sənədi — nizamnaməsi, əsasnaməsi və Əmək Məcəlləsi, habelə digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirilir.
Bunu Heftelik.az-a açıqlamasında hüquqşünas Yaşar Ağazadə bildirib.
Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin bağlanması qaydaları bütövlükdə həmin müəssisələrə də şamil edilir. Kənd təsərrüfatı və başqa aqrar-sənaye sahələrində qanunvericiliklə nəzərdə tutulmuş qaydada yaradılan fərdi (ailə) müəssisələrinin, səhmdar cəmiyyətlərinin və digər təşkilati-hüquqi formalı müəssisələrin nizamnamələrində, əsasnamələrində işçilərin Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək hüquqları məhdudlaşdırıla bilməz. Həmin sənədlərdə yalnız əmək münasibətlərinin daha mütərəqqi forma və üsullarla tənzimlənməsinin şərtləri, qaydaları nəzərdə tutula bilər.
Bütün növ kənd təsərrüfatı təyinatlı müəssisələrdə qadınların, yaşı 18-dən az olan işçilərin əməyindən yalnız Əmək Məcəlləsinin müvafiq maddələri ilə müəyyən edilmiş normalar dairəsində istifadə edilə bilər.