Mədəniyyət Nazirliyinin 4 aprel 2023-cü il tarixli 3-24/3-1-f-63/2023 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları”na əsasən məktəb və mərkəzlərə direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir.
Bu barədə Heftelik.az- a nazirlikdən bildirilib.
Qeyd edilib ki, müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.
Qaydalara müvafiq olaraq Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə müddətsiz əmək müqaviləsi ilə işləyən direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir.
Müsabiqə və müsahibələrin keçirilməsi barədə əlavə məlumat veriləcək.