Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır.

Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Qazaxıstan Respublikasına rəsmi səfərdə olub. Səfər çərçivəsində ölkə başçısı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud və geniş tərkibdə görüşü keçirilib, Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib və prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Həmin gün həm də Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astana Beynəlxalq Maliyyə Mərkəzində olublar.

Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Azərbaycan və Qazax xalqlarını, əsrlərlə davam edən əməkdaşlıq, qarşılıqlı əlaqələr, iqtisadi-siyasi münasibətlərlə bərabər, bu dövlətlərin rəhbərlərinin bir-birlərinə olan dostluq, qardaşlıq duyğuları, istəkləri də birləşdirilmiş və bu münasibətlər günümüzdə özünün ən yüksək mərhələsindədir.

Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. İkitərəfli əlaqələrə gəldikdə qeyd edilməlidir ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilməkdədir. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir.

Dünyanın bir çox ölkəsində olduğu kimi, Heydər Əliyevin adı, fəaliyyəti, ölməz ideyaları Qazax xalqı üçün də əzizdir və başda dövlət rəhbərləri olmaqla qardaş ölkənin vətəndaşları bu müdrik, uzaqgörən siyasətçini, dahi şəxsiyyəti daim böyük məhəbbət və ehtiramla yad edirlər. Ulu Öndərimiz Heydər Əliyevin yubiley ili – “Heydər Əliyev İli” ərəfəsində Astanada Heydər Əliyevin adına küçənin açılışı və açılışda Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı qürurverici hadisədir və hər iki dövlətin sarsılmaz dostluğunun, qardaşlığının ifadəsidir.

Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib.

Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir. “SOCAR Midstream Operations” MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Qazaxıstan neftinin Aktau limanından “Prezident Heydər Əliyev” tankerinə ilk yüklənməsi bu il martın 21-də, “Şuşa” tankerinə ikinci yüklənməsi isə martın 28-də həyata keçirilib.

Azərbaycan və Qazaxıstan, o cümlədən media sahəsində də əməkdaşlıq edirlər.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi informasiya mübadiləsinə dair müqavilə imzalayıblar. AZƏRTAC və “Kazinform”, eyni zamanda, Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) və digər transmilli media platformalarında da əməkdaşlıq edirlər.

İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır.

Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soy-kök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

 

İsrafil Kərimov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü