Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarda müəyyən olunmuş müddətdə ölkəni tərk etməlidirlər.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda, onlar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıldıqda, onun Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması məhdudlaşdırmaya səbəb olan hallar aradan qalxdıqdan sonra icra edilir.
Azərbaycan Respublikasının ərazisindən inzibati qaydada çıxarılan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin çıxarılmasına görə xərclər onların öz üzərinə düşür. Bu şəxslərin çıxarılması üçün onların vəsaiti olmadıqda, belə xərclərin ödənilməsi onları qəbul edən şəxslərin, idarə, müəssisə və təşkilatların, qəbul edən tərəf olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının üzərinə düşür.