Bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonu Rəzulzadə qəsəbəsində gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Qərib qızı Yusifovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxii İşlər Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, cinayət əməlini şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1980-ci il təvəllüdlü İsrafil Dursun oğlu Yusifov polisə gələrək təslim olub.

Prokurorluq  da Bakıda gözəllik salonunda baş verən qətl barədə məlumat yayıb.

Binəqədi rayon prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, aprelin 13-ü saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırma zamanı 1980-ci il təvəllüdlü İsrafil Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra İsrafil Yusifov könüllü olaraq istintaqa təslim olub.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.