Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı törədilən işgəncə ilə bağlı məlumat yayıb.
XIN-dən Heftelik.az-a verilən məlumata görə, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Qeyd edilib ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub:
“Ermənistan tərəfindən etnik zəmində zorakılığın növbəti nümunəsi olan sözügedən vəziyyət ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar müvafiq olaraq məlumatlandırılıb.
Ermənistan tərəfindən əsirlərə qarşı nümayiş etdirilən sözügedən zorakılıq 1949-cu il Cenevrə Konvensiyalarının, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD), beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır.
Aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı və lazımi qiymət verməlidir”.