ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahatdır.
Heftelik.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
“Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq”, – məlumatda deyilir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib ki, Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir: “Beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir. Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.