Son illər ölkəmizdə övladlarımızın vətənpərvərlik və milli-mənəvi dəyərlərə sevgi, hörmət ruhunda böyük işlərin görüldüyü danılmaz faktdır. Tarixi yerlərimizə, muzeylərə ekskursiyaların təşkili də məktəblilərin və gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

Heftelik.az-ın məlumatına görə, bu günlərdə Türk Dünyası Bakı Atatürk Liseyinin məktəbəqədər hazırlıq qruplarının Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət etməsi belə tədbirlərdəndir.
Ümumilikdə əlli nəfər şagirdin iştirak etdiyi muzey gəzintisi balacaların böyük marağına səbəb oldu. Eksponatlara diqqətlə nəzər yetirən uşaqlara muzeyin əməkdaşı Nübar Novruzova bələdçilik edərək tariximizin müxtəlif dövrlərini əhatə edən eksponatlar haqqında geniş məlumlatlar verdi. Daş dövrü, Albaniya, Səfəvilər dövləti, qədim xanlıqlar dövrü, Azərbaycan Xalq Cümhuriyyəti, Sovet imperiyası dövrü, ölkəmizin müstəqillik dövrünü əhatə edən guşələr və digər tarixi faktlar məktəblilər tərəfindən maraqla qarşılandı.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi geyimləri, silahları olan zalla uşaqları tanış etdi. Hər bir ekspozisiya onlarda maraq doğurmağı bacardı. Azərbaycan ziyalılarının məruz qaldığı 1939-1945-ci il repressiyaları aid şəkil və faktlar əsasında uşaqlara geniş izah olunub.
1992-1993-cü il Qarabağ faciəsi tarixi eksponatlar, xəritələr əsasında uşaqlarla müzakirə edildi. Verilən sualları cavablayan muzey rəisi bu faciənin intiqamının alınmasından danışaraq lisey şagirdlərini Vətən müharibəsi eksponatları ilə də yaxından tanış etdi. Şəhidlərimizin döyüşlər zamanı istifadə etdikləri əşyalar, hərbi ləvazimatlar, üzərilərində tapılan əşyalar uşaqların diqqətini çəkməyi bacardı. Vətən müharibəsi zamanı hərbçilərimizin istifadə etdiyi hərbi taktikalar xəritələr üzərində hər bir lisey şagirdlərinə izah edildi.
Daha sonra muzeyin həyətində açıq səma altında nümayiş olunan 130-a yaxın hərbi texnikalar da ziyarətçiləri təəcübləndirməyi bacardı. İkinci Dünya savaşı, Birinci Qarabağ müharibəsi zamanı istifadə olunan zirehli texnikalar, hərbi təyyarələr, gəmilər uşaqlarda olduqca böyük maraq oyatdı.
Türk Dünyası Bakı Atatürk Liseyinin müdür müavini Nagihan Bağırova uşaqlara ayrılan diqqət və qayğıya görə Müdafiə Nazirliyinin rəsmilərinə və Hərb Tarixi Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirdi. “Lisey direktorumuz Eyləm Gültəkinin təşəbbüsü ilə uşaqları buraya gətirməkdə olan əsas məqsədimiz onların keçmişimizi və eyni zamanda da gələcəyimizi öyrənmələrinə dəstək olmaqdır. Azərbaycanın tarixini öyrənmək hər zaman təhsil işçilərinin diqqətində olmuşdur. Sevindirici haldır ki, tarix boyu türklərlə azərbaycanlılar arasında din və dil qardaşlığı əsas rol oynamışdır. Bir millət iki dövlət olan bizlər hər zaman qarşılıqlı dəstək və qayğı görmüşdür. Azərbaycan da 2020-ci il sentyabrın 27-də tarixi torpaqları uğrunda mübarizəyə başladı. Haqq savaşında parlaq qələbə qazanan qardaşlarımızın Zəfəri türk dünyasını olduqca qürurlandırdı. Azərbaycanın sevincini bizlərin sevinci bilərək Zəfərimizi qeyd etmək üçün meydanlara axışdıq. Belə addımlar birliyimizin, dostluğumuzun və ən əsası qardaşlığımızın əsl sübutudur. Liseyimizin şagirdləri ilə bərabər burada olan eksponatlarla tanışlıq bizlərə həm duyğusal, həm də qürur verici hisslər yaşatmağı bacardı. Biz əminik ki, uşaqların bu gün burada öyrəndikləri onların milli-mənəvi və vətənpərvər ruhda tərbiyə olunmasında əvəzsiz rol oynayacaqdır”.
Atatürk Liseyinin müəllimləri Ləman Əşrəfova, Aysu Hüseynova və Nüşabə Novruzova məktəblilərin həyəcanlarını bizlərlə bölüşdülər. Onlar bildirdilər ki, bu mövzu hələ uzun müddət liseyimizin şagirdləri tərəfindən danışılacaq, müzakirə ediləcəkdir.
Şagirdlərdən Kərim Həsənov, Mete Çelik, Mert Alp, İnci Kazımlı, Dəniz Quliyeva ekskursiya ilə bağlı fikirlərini bizlərlə bölüşərək bildirdilər ki, burada olan qədim əşyalarla, silahlarla, texnikalarla tanışlıq onları olduqca sevindirib. Açıq havada sərgilənən zirehli texnikalarla yaxından tanış olaraq unudulmaz anlar keçirdiklərini gizlətməyən balacalar liseydə təhsil alan digər şagird yoldaşlarıyla burada görüb öyrəndikləri məlumatları bölüşəcəklərini, bu faktların onların da böyük marağına səbəb olacağını dedilər.
Sonda Azərbaycan Hərb Tarixi Muzeyinin konfrans zalında vətənpərvərliklə bağlı nümayiş olunan kliplərin, səsləndirilən musiqilərin uşaqlar tərəfindən alqışlarla qarşılanması onlarda milli-mənəvi dəyərlərin və vətənpərvərlik duyğularının artıq kiçik yaşlafından formalaşdığını sübuta yetirən sevindirici faktlardan biridir.