Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə görə, aprelin 21-də Azərbaycanda Ramazan bayramının olacağı gözlənilir.

Heftelik.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, hər il olduğu kimi bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq:

“Aprelin 20-si axşam isə bayram axşamı hesab edilir və fitrə zəkatı verilir. Fitrə zəkatı hər il olduğu kimi minimum 10-15 manat məbləğ tövsiyə olunur. Məscidlərdə namaz vaxtları da hər il olduğu kimi bəzi məscidlərdə 08:00, bəzi məscidlərdə 09:00-da qılınacaq”.

Fuad Nurullayev qeyd edib ki, aprelin 19-da Ramazan bayramı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası da yayımlanacaq.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Aprelin 9-u (Ramazanın 18-ci günü), 11-i (Ramazanın 20-ci günü), 13-ü (Ramazanın 12-ci günü) və 17-də (Ramazanın 26-cı günü) Qədr (Əhya) gecələri olub.

Xatırladaq ki, aprelin 21 və 22-də Azərbaycanda Ramazan bayramı olacaq. Bayramla əlaqədar 4 gün – aprelin 21, 22, 23 və 24-də qeyri-iş günləri olacaq.