Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar şəhəri 5 nömrəli tam orta məktəbində 18 aprel 2023-cü il tarixdə maarifləndirici tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, maarifləndirmə tədbirində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları, Ucar Rayon İcra Hakimiyyətinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar şəhəri 5 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Dini radikalizm” və “Uşaqların təhsildən yayınması, məcburi əməyə cəlb edilməsi və baxımsızlığının qarşısının alınması” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilib.
Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, ölkəmizdə bu sahədə görülmüş işlər və qəbul edilmiş qanunvericilik barədə onlara izahlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılıb. Tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılıb.