“Cambridge English Qualifications” beynəlxalq dil sertifikatına malik olanlar doktoranturaya qəbul zamanı xarici dil üzrə imtahandan azad olunacaqlar.
Heftelik.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib.
Qeyd edək ki, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və Naziriklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. İndiyə qədər xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunublar. Dəyişikliyə əsasən, bu sıraya “Cambridge English Qualifications” beynəlxalq dil sertifikatı əlavə edilib.