Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-leytenant Vəzir Həsənov və bacanağı İnqilab Əliyevə qarşı dələduzluqda ittiham olunan Vladimir Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Vladimir Müslümov verilmiş ittihamla təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxslərə qarşı dələduzluq etmədiyini deyərək, ədalətli hökm çıxarılmasını xahiş edib.
Prokuror ona 9 il həbs cəzası istəmişdi.
İttihama görə, Vladimir Müslümov özünü tikinti fəaliyyəti ilə məşğul olan iş adamı kimi təqdim edərək zərərçəkmiş şəxslərə ucuz qiymətə ev satacağı vədi verib. Razılaşmaya əsasən, Vəzir Həsənov 4 otaqlı ev almaq üçün 391 min 754 manat verib, Vladimir Müslümov isə pulu aldıqdan sonra vədinə əməl etməyib.
Təqsirləndirilən şəxs generalın bacanağı – İnqilab Əliyevə də eyni cür dələduzluq edib. O, İnqilab Əliyevə Səbail rayonunda dəniz mənzərəli yerdə ev satacağı vədi verərək ondan 100 min dollar (170 min manat) alıb.
General və bacanağının şikayəti əsasında Vladimir Müslümov həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
General Vəzir Həsənov və bacanağı məhkəmədə ifadə verib, ümumilikdə 561 min 454 min manat təşkil edən ziyanın tam ödənilməsini istəyiblər.
Qeyd edək ki, general-leytenant Vəzir Həsənov 2022-ci ildən Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisidir. O, əvvəllər Tovuz Gömrük İdarəsinin və Sumqayıt Gömrük İdarəsinin rəisi olub.