“Müharibə iştirakçılarının maarifləndirilməsinə dəstək” layihəsinə start verilib

Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Təfəkkür Gənclər Assosiasiyasının təşkilatçılığı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB, Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyinin tərəfdaşlığı ilə “Müharibə iştirakçılarının maarifləndirilməsinə dəstək” layihəsinə start verilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun Qarabağda başladığı “Dəmir yumruq” əməliyyatı nəticəsində 44 günlük müharibədən sonra bütün dünya Azərbaycanın böyük tarixi zəfərə imza atmasının şahidi oldu.

Azərbaycan Təfəkkür Gənclər Assosiasiyasından verilən məlumata görə gənclər təşkilatı olaraq, Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda canını fəda etmiş şəhid ailələrinə, qazilərə və müharibədə xüsusi şücaət göstərmiş hərbçilərə dövlət dəstəyini əsas tutaraq layihənin məqsəd və istiqamətləri təyin edilib. Altı aylıq layihə çərçivəsində Bakı şəhərində, Ağdam, Bərdə və Tərtlər rayonlarında qeyd olunan kateqoriyadan olan şəxslər və ailələri ilə görüşlər keçiriləcək. Görüş zamanı müharibədə şəhid olan şəxslərin ailələri, qazi və hərbçi olmuş şəxslərə dövlətin göstərdiyi diqqət və qayğı təbliğ olunacaq. Eləcə də onlara yönəlik dövlətin sosial siyasəti və bu sahədə mövcud olan qanunvericiliklə bağlı maarifləndirmə işləri həyata keçiriləcək.

Həmçinin, layihənin məqsəd və işıqlandırdığı işləri ümumi təsvir edən film hazırlanır və yaxın müddətdə təqdimatının keçirilməsi planlaşdırılır.