Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi üzrə apellyasiya məhkəməsinin qərarından jurnalistlər binasının tikintisini aparan “Portos” MMC tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şikayət ərizəsində şirkətə məxsus əmlakların xüsusi müsadirədən azad olunması xahiş olunub.
Həmin əmlaklara Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində 676 kv.m. qeyri-yaşayış sahəsi və bir ədəd “TEREX 820” markalı Az10 R 460 qeydiyyat nömrəli traktor, bir ədəd “TEREX CTT 181/B-8 TS21” markalı qülləli kran və onun teleskopu, bir ədəd “RDK-25-2” markalı tırtıllı kran, bir ədəd “Ford Transit” markalı 90JT489 qeydiyyat nömrəli avtomaşın, bir ədəd beton nasosu, bir ədəd məhlulqarışdırıcı sıva pompası, bir ədəd “Amkador 333B” markalı Az 90 E 610 qeydiyyat nömrəli frontal yükləyici, 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi, 2 ədəd beton tökmək üçün taxtabənd daxildir.
Ali Məhkəmə şikayəti əsassız hesab edib, əmlakların xüsusi müsadirəsi ilə bağlı qərar qüvvədə saxlanılıb.
“Portos” MMC əvvəl Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun baldızı Gülər Vəliyevanın adına olub. Daha sonra şirkətə hazırda Vüqar Səfərli ilə birgə həbsdə olan Nadir Məmmədov rəhbərlik edib.
MMC “Jurnalistlər binası”nın tikintisində podratçı şirkət olub.
Qeyd edək ki, bir müddət əvvəl Vüqar Səfərlinin əmlaklarının müsadirə olunması ilə bağlı qərar ləğv olunub. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, jurnalistlərin birinci binasında – Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində 676 kv.m. qeyri-yaşayış sahəsinin bazar qiyməti 1 milyon manatdan çoxdur. Həmin ərazidə qeyri-yaşayış sahəsinin 1 kv.m-nin qiyməti 2 min manatdan çoxdur.
“Portos” MMC-nin baldızı Gülər Vəliyevanın adına olsa da, faktiki məhz Əli Həsənovun şirkəti olduğu bildirilir.