Bakıda qəbirlərin dağıdılmasında şübhəli bilinən şəxs saxlanılıb.
Heftelik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.
Məlumatda qeyd olunub ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin balansında olan qəbiristanlıqda məzarların dağıdılması faktına görə Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd olunub ki, Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv tədbirlər nəticəsində qəbiristanlıqda təmir işləri görən, 1989-cu il təvəllüdlü Seymur Daxilovun gördüyü iş müqabilində ödəniş edilmədiyi üçün aprelin 16-dan 17-nə keçən gecə qəbiristanlığa gələrək məzarların üzərindəki predmetləri zədələməsi, xatirə daşları və lövhələri dağıtmaqla kimi əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Seymur Daxilov Cinayət Məcəlləsinin 245-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Cinayət işi Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəhbərliyinin nəzarətində saxlanmaqla ibtidai istintaq davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.