Sosial şəbəkədə “Omez” (mədə üçün olan dərman) dərmanının xərçəng yaratdığına dair iddialar səsləndirilib. Eyni zamanda bir çox dərmanların (“Nimesil”, “Ranitid”, “Aksen fort”, “Omeprazol” və s.) ciddi yan təsirlərinin olduğu – qaraciyəri parçalaması, mədədə yara əmələ gətirməsi, qırmızı qanı “yeməsi” kimi fikirlər də yayılıb.

Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən Heftelik.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərman vasitəsinin (DV) içlik vərəqəsində “Əlavə təsirlər” bölməsi var:

“DV-nin səbəb olduğu əlavə təsirlər həmin bölmədə ətraflı təsvir olunur və hər bir əlavə təsirin yaranma tezliyi də göstərilir.

Qeyd edək ki, “Dərman vasitələrinin farmakonəzarət Qaydası” № 503 4.1.3 bəndinə uyğun olaraq, Dərman vasitələrinin yaratdığı əlavə təsirləri təsnifatlaşdırarkən MedDRA (Beynəlxalq Harmonizasiya Konfransı (ICH) tərəfindən hazırlanan tənzimləyici fəaliyyətlər üçün tibb lüğəti) terminologiyası istifadə edilir. Bu terminologiyaya əsasən, əgər əlavə təsir 10 xəstədən birində və ya daha çoxunda baş verirsə, bu hal “Çox tez-tez”; 100 xəstədən birdən ona qədərində baş verirsə “Tez-tez”; 1000 xəstədən birdən ona qədərində baş verirsə “Bəzən”; 10 min xəstədən birdən ona qədərində baş verirsə “Nadir hallarda”; 100 min xəstədən birindən azında baş verirsə “Çox nadir hallarda”; əldə olan məlumat əsasında tezliyin qiymətləndirilməsi mümkün deyilsə “Məlum deyil” kimi səciyyələndirilir.

Adları çəkilən DV-lər reseptlə satılan dərman vasitələrinə aiddir və bu onların içlik vərəqələrində də əks olunub. Eyni zamanda, yuxarıda qeyd olunan DV-nin səbəb olduğu bütün əlavə təsirlər haqqında məlumat içlik vərəqələrində əks edilib”.

Açıqlamada qeyd edilib ki, DV-nin əlavə təsiri ilə qarşılaşan zaman bu barədə həkimə və ya əczaçıya məlumat vermək vacibdir:

“Əlavə təsir ola biləcəyindən şübhələndiyiniz vəziyyətlə qarşılaşan zaman dərman vasitəsinin içlik vərəqəsini (istifadəsi üzrə təlimatını) oxumaq və qeyd olunmuş əlavə təsirlər yaranan zaman nə etməli olduğu barədə lazımi məlumatlar ilə tanış olmaq, həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Həmçinin, pasiyentlər əlavə təsirlər barədə məlumatı bu link vasitəsilə https://primaryreporting.who-umc.org/az AEM-ə göndərə bilərlər.

İçlik vərəqələrində reseptlə satılmalı olduğu qeyd edilən dərman vasitələrinin reseptsiz satılması ilə bağlı Analitik Ekspertiza Mərkəzi (AEM) əhaliyə dəfələrlə müraciət edib. Belə hallarla rastlaşdıqda, operativ şəkildə tədbirlərin görülməsi üçün vətəndaşlar AEM-in “Qaynar xətti”, “Bir pəncərə” sektoru, aem@pharma.az ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizi məlumatlandıra bilərlər”.