Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar rayonu Qaracallı kənd 1 nömrəli tam orta məktəbində 20 aprel 2023-cü il tarixdə maarifləndirici tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, maarifləndirmə tədbirində Ucar Rayon Polis Şöbəsinin rəisi və əməkdaşlarının, Ucar Rayon İcra Hakimiyyətinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonu Qaracallı kəndində “Narkotiklərə və narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Dini radikalizm”, “Uşaqların təhsildən yayınması, məcburi əməyə cəlb edilməsi və baxımsızlığının qarşısının alınması” və “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçılarını maarifləndiriblər.
Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahələrdə imzalanmış qanunlar barədə eləcə də ölkəmizdə bu sahədə görülmüş işlər haqqında tədbir iştirakçılarına izahlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılıb. Tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmış və Ucar Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən fəal şagirdlərə hədiyyələrin verilməsi təmin olunub.