Yerin təkindən istifadə qaydalarının pozulmasına görə cərimələr açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, yerin təkindən istifadə qaydalarının pozulmasına

– yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına;

– yerin təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilməsinə;

– geoloji və ya digər məlumatlara mülkiyyət hüququnun və bu məlumatların məxfiliyinin pozulmasına;

– faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işlərinin aparılmasına;

– yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığının təmin edilməməsinə;

– yeraltı suların müşahidə quyularının, markşeyder və geodeziya nişanlarının məhv edilməsinə və zədələnməsinə;

– ləğv edilən və konservasiya olunan dağ qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ qazmalarının və buruq quyularının qorunması tələblərinə əməl edilməməsinə;

– yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələrinin və digər təbiət obyektlərinin onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməməsinə;

– yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və lisenziya və ya icazə verən orqana məlumat verilməməsinə görə –

fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.