Türkiyədə aralarında məşhur baş məşqçi və futbolçuların da olduğu bir qrup imkanlı şəxsin ümumilikdə 80 milyon dollar pulu dələduzluq yol ilə mənimsənib.

Heftelik.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Seçil Erzan adlı xanım bir dönəm özəl bir bankın Florya şöbəsində çalışıb.

Həmin vaxt “Qalatasaray”-ın bəzi mənsublarının da bank əməliyyatlarını həyata keçirib, onların etimadını qazanıb. Daha sonra isə eyni bankın Büyükdere şöbəsinə müdir təyin edilib. Burada da tanınmış insanlarla tanışlıq yaradaraq onların bank əməliyyatlarını həyata keçirib. Seçil Erzan bank əməliyyatlarını həyata keçirdiyi həmin imkanlı müştərilərinə zəng açaraq özəl qapalı fond sistemində böyük məbləğdə vəsait qazanılacaq bir sistem yaratdıqlarını, bu sistemi məxfi saxladıqlarını və qoyulan pul artdıqca qazancın da artdığını bildirib. Onun bu vədinə inanın müştəriləri də pullarını Seçil Erzana verməyə başlayıb. Seçil Erzanın qurduğu sistem bir müddət işləyib, bəzi şəxslərə qazancları ilə bağlı ödəmələr edib.  Bu ödənişlər barədə məlumatlar yayılıb və bunun sayəsində sistemə pul qoymaq istəyənlərin sayı artıb. Bəzi şəxslər Seçil Erzana çantalarla pul veriblər.

Keçən ilin noyabr ayında Seçil Erzanın bu barədə təklifini alan bir iş adamı dərhal tanıdıqarından da topladığı 5 milyon dolları çanta ilə birlikdə Seçil Erzana verib, çantaya da GPS qoyub.

GPS üzərindən çanta izlənərkən məlum olub ki, çanta bakda yarım gün qaldıqdan sonra Sarıyerdəki Lotus villasına, bir gün sonra İstanbul Hava Limanına aparılıb, həmin güün axşamında eyni ünvana qaytarılıb. İş adamının iddiasına görə, çanta “Qalatasaray”-ın  sabiq futbolçusu Semih Kaya verilib. İş adamı pul aldığı tərəfdaşlarına GPS üzərindən izlədiklərini çatdırıb, onlar isə iş adamına aldadıla biləcəyini bildiriblər. Bundan sonra iş adamı Seçil Erzana zəng açaraq pulunu geri istəyib. Seçil Erzan pulun ödəniş vaxtı çatmadığı üçün ödəniş edə bilməyəcəyini söyləyib, bunun əvəzinə üzərində bank qeydi olan bir sənəd göndərib. İş adamı isə prokurorluğa gedərək şikayət edib.

Seçil Erzanın qurduğu sistem çökür, pul qoyanlara nəinki faiz, heç qoyduqları pulları da geri verə bilmir. Seçil Erzanın sisteminin dağıldığını öyrənən tanınmış şəxslər də prokurorluğa şikayət etməyə başlayırlar.

Seçil Erzan həbs edilir.

Məlum olub ki, Seçil Erzan tanınmış şəxslərdən, iş adamlarından ümumilikdə 80 milyon dollar alıb. Onların arasında “Qalatasaray”-ın tanınmış şəxslərindən Fatih Terim, Arda Turan, Fernando Muslera, Semih Kaya və Selçuk İnan da var. İddiaya görə, Seçil Erzan Fatih Terimin 10 milyon dollardan çox, Arda Turanın isə 8 milyon avrodan çox pulunu mənimsəyib.

Hazırda polis Seçil Erzanın bu dələduzluq əməlini təkbaşına həyata keçirib-keçirmədiyi ilə bağl; araşdırma da aparır.