Bakıda ağır yol qəzası olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman” markalı yük avtomobili, Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında 1989-cu il təvəllüdlü Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan X-Trail” markalı avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobildə olan sərnişinlər – 1963-cü il təvəllüdlü Kərimova Pərvanə Xanlar qızı və 1960-cı il təvəllüdlü Xələfova Təranə Xanlar qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb. Digər sərnişin 2019-cu il təvəllüdlü Məhərrəmli Vaqif Famil oğlu isə alın nahiyəsinin travması xəsarəti alıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Heftelik.az-a verilən məlumatda isə qeyd edilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub, 3 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 3 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.